Təlaş və onun üç növü
Təlaş (anxiety) və qorxu (fear) arasında fərqi müxtəlif filosoflar (Kyerkeqard, Tillix) və psixoloqlar təsvir ediblər. Qorxunun konkret görünən, analiz edilə bilən, ondan qorunmaq üçün mexanizmləri olan obyekti var. Bunun əksinə olaraq, təlaş xaricdən yox, təhtəlşüur şəkildə təşkil edilir və daxildə yaşanır. Haydeggerin dediyi kimi, təlaşın hardan gəldiyi bilinmədiyi üçün qorxuducudur. Ölümün özü haqda qorxu və təlaş bunu yaxşı izah edir. Birinci halda ölümün mümkün səbəbi var (xəstəlik, qəza və ya zorakılıq) və bu mümkün səbəblərə qarşı qoruyucu tədbirlər həyata keçirmək mümkündür. Ölüm təlaşının səbəbi isə bilinməzlik, yox olmaq potensialıdır. Ölüm təlaşı ona gətirib çıxarır ki, subyekt bu təlaşı mümkün olduğu qədər qarşısı alına biləcək qorxuya keçirir.
Xristian ekzistensialist filosof Pol Tillix (Paul Tillich) ölüm təlaşından başqa daha iki növ təlaşı ayırd edir: mənasızlıq və qınanma təlaşı. Mənasızlıq təlaşının əsası həyata məna verən dəyərlərin (məsələn, ənənələr) itməsi, mənasızlaşmasından doğur. Qınanma təlaşı əxlaqi tələbləri yerinə yetirə bilməmək, fərddən gözləniləni edə bilməmək narahatlığıdır və yaxşı ilə şər arasındakı qeyri-müəyyənlikdən qaynaqlanır.