Paşinyanın qələbəsi gözlənilən idi. Rəylər uzun müddətdir göstərirdi ki, hakim Vətəndaş Müqaviləsi Partiyası birinci siyasi qüvvə olaraq qalacaq. Lakin seçkinin nəticəsindən daha maraqlı olan məsələ seçkiyə aparan siyasi mühit idi. 2021-ci il seçkiləri ilə müqayisədə Ermənistanın siyasi sistemi formal olaraq rəqabətli qalsa da, siyasi rəqabətin keyfiyyəti nəzərə çarpacaq dərəcədə zəifləmişdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası da seçki mühitini "qütbləşmiş və emosional yüklü" kimi xarakterizə edirdi. Seçki kampaniyasına yaxın dövrdə hakimiyyətin əsas rəqibləri ətrafında sistematik hüquqi və siyasi proseslər başladı. İlk növbədə, Paşinyanın ənənəvi rəqibi olan Robert Koçaryan və onun müttəfiqləri müxtəlif cinayət işləri və korrupsiya ittihamlarına məruz qaldı. Hökumət bunu hüquqi prosedur kimi təqdim etsə də, müxalifət bunu seçkiöncəsi siyasi təzyiq aləti hesab edirdi. Daha sonra hakimiyyətlə Ermənistan Apostol Kilsəsi arasında açıq qarşıdurma mərhələsi başladı. Baş nazir Nikol Paşinyan ilə kilsə rəhbərliyi arasındakı gərginlik nəticəsində arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarına qarşı çevriliş planı ittihamları irəli sürüldü. Hakimiyyət bunu dövlət təhlükəsizliyi məsələsi kimi təqdim etsə də, müxalif düşərgə və kilsə bunu siyasi mübarizənin kriminal müstəviyə keçirilməsi kimi qiymətləndirdi. Seçkiyə yaxın aylarda əsas müxalif fiqura çevrilən Samvel Karapetyanın siyasi yüksəlişi ilə paralel olaraq ona və yaratdığı "Güclü Ermənistan" blokuna qarşı hüquqi təzyiq də artdı. Karapetyanın özü ev dustaqlığına, sahibi olduğu ENA milliləşdirməyə məruz qaldı , partiya üzvləri seçki rüşvəti və digər ittihamlarla saxlanıldı. Aprel ayında onlarla partiya fəalının həbsi, iyun seçkilərinə bir neçə gün qalmış isə daha bir sıra namizədlərin saxlanılması baş verdi. Bununla yanaşı, seçkilərdən 2 gün əvvəl Paşinyanla müttəfiq olan "Respublika" partiyası Karapetyanın blokunun qeydiyyatının ləğvi üçün Ermənistan MSK-ya müraciət etdi. Nəticədə MSK həmin müraciəti rədd etsə də, hadisə Ermənistanın seçki mühitinin rəqabətliliyini sual altına qoydu. Yerli səviyyədə də oxşar mənzərə müşahidə olunurdu. Ölkənin 2-ci böyük şəhəri Gümrüdə hakim partiyanın namizədini məğlub etmiş müxalif mer Vardan Qukasyanın sonradan korrupsiya ittihamı ilə həbs olundu. Müxalifət bunu siyasi qisas kimi təqdim edir, hakimiyyət isə adi hüquqi proses olduğunu bildirirdi. Bütün bu hadisələrə baxmayaraq, Ermənistan beynəlxalq mediada əsasən "demokratik transformasiya həyata keçirən", "Rusiyanın təsirindən uzaqlaşan" və "Qərbə inteqrasiya edən" ölkə kimi təqdim olundu. Gürcüstanda oxşar hadisələr baş verdikdə Qərb institutları və aparıcı media tərəfindən daha sərt reaksiyalar verilirdisə, Ermənistanda müxalifət nümayəndələrinin həbsləri, seçkiöncəsi cinayət işləri və siyasi rəqiblərə qarşı hüquqi təzyiqlər xeyli zəif işıqlandırıldı. Formal seçki institutları fəaliyyət göstərsə də, siyasi rəqabətin bərabərliyi, dövlət resurslarının neytrallığı və müxalifətin sərbəst fəaliyyəti baxımından Ermənistan artıq 2021-ci ilin siyasi mühitindən daha uzaqda göründü.