ScholarGram: post #2239 — TG.ME

İran Prezidenti İbrahim Rəisinin gözlənilməz ölümündən sonra yaranacaq (və artıq yaranan) konspirasiya nəzəriyyələrinin sayı çox olacaq. İran cəmiyyətində xarici qüvvələri günahlandıran konspirasiya narrativləri həmişə güclü olub. Bu o demək deyil ki, bu nəzəriyyələr mütləq yalandır. Məsələn, 1953-cü ildə baş nazir Məhəmməd Müsəddiqin devrilməsində ABŞ və Böyük Britaniyanın rolu olmuşdu. Müsəddiq İran neftini milliləşdirmək istəyirdi. Bundan sonra hakimiyyətə gələn şah rejimi ABŞ-ın marioneti hesab edilirdi. Təbii ki, bu tam həqiqət olmasa da, avtoritar şah rejiminin Qərblə sıx əlaqələri mövcud idi.

Son illərdə bir neçə iranlı nüvə alimi MOSSAD və digər xüsusi xidmət orqanları tərəfindən öldürülməsi də həqiqətdir. İndiki zamanda isə yaranacaq yeni konspirasiyalar Qərbi və xüsusən İsraili günahlandıracaq. Rəisinin ölümü İranda böhran yaratmayacaq, çünki İran İslam Respublikası prezident ətrafında yox, Ali Dini Lider ətrafında birləşir. Rəsmi səviyyədə Qərb günahlandırılmasa belə, bu cür konspirasiyalara inanan radikalların İrana bağlılığı və Qərbə, İsrailə və mümkündür ki, Azərbaycana da nifrəti artacaq.
👍9🕊3
May 20, 2024 795 1