Seymur Baycanın mənim esseme yazdığı cavab əsas arqumentimi təsdiqləmiş oldu.
Mənim arqumentim nə idi? Deyirdim, tarixi 25 il əvvələ gedən köhnəlmiş bir üslub var. Bu üslub nəzəri və təhlil müstəvisində polemikaya girə bilmir. Haqlı görünmək üçün opponentlərini gözdən salmağa çalışan hökmlərə bel bağlayır.
Seymur Baycanın yazısından belə çıxır ki, onun mənimlə bağlı müəyyən istəkləri olub. Mən öz ədəbi yolumu, üslubumu və mövzularımı onun istəklərinə uyğun qurmalı imişəm. Qurmamışam, deməli... bir-birinin ardınca düzülmüş təhqirlər.
Üstəlik mən essedə publisistik və tənqidi üslubdan yazmışdım, bədii ədəbiyyat məsələsinə toxunmamışdım. Amma cavab yazısı əsasən roman müqayisəsi üzərində qurulub. Seymur hökm çıxarıb ki, onun romanı mənim romanımdan 70 qat güclüdür. Meyarlarını isə yenə izah etməyib.
Ümumiyyətlə, bu müqayisəyə nə ehtiyac var? Lap olsun 777 qat güclü. Söhbət bundan getmir axı.
Gələk sonuncu məqama. Seymur elə zənn edir, bir üslubu tənqid etmək, avtomatik düşmənlərin tərəfinə keçmək deməkdir. Açığı deyim, köhnə intriqalar mənə maraqlı gəlmir. AYB üzvü deyiləm, ev, təqaüd, medal dalınca qaçmıram. On səkkiz yaşımdan işləyirəm, alın tərimlə yaşayıram, kiminsə qarşısında gözükölgəli deyiləm. Həyatda da, ədəbiyyatda da öz fikrim, öz zövqüm, öz yanaşmam var. Seymur Baycan, yaxud başqası mənim üçün toxunulmaz avtoritet deyil. Şəxsiyyətlə işim yoxdur, amma söhbət peşəkarlıqdan gedirsə, fikrimi açıq deyəcəm.
Mən düşünürəm ki, Azərbaycan publisistikası və ədəbi tənqidi sanballı - köhnəlmişin əksi mütləq ütülü mənasına gəlmir - polemikaya layiqdir. Təhqirlərə əsaslanan hökmlərə deyil, fikir və təhlil üzərindən qurulan polemikaya.
Bütün mütərəqqi cəmiyyətlərdə belədir, biz də buna nail olmaq üçün əlimizdən gələni etməliyik.