ARKA tərəfindən keçirilən dövlət dəstəyi müsabiqəsinin pitçinq mərhələsinə seçilən layihələr açıqlanıb. Seçilənlər sevinir, seçilməyənlər narazılıq edir. Çox normaldır, istənilən seçim başqasını kənara qoymaq deməkdir. Ona sözüm yoxdur, amma mənim başqa məsələlər barədə tərəddüdüm var. Hazırki pitçinq sisteminin oturuşması, davamlı film istehsalı üçün filmlərin seçilməsi müsbət addımdır. Çarx işləyir. Prodüserlər, rejissorlar maraqlı layihə axtarır, ssenaristlər öz hekayələrini kimlərəsə bəyəndirməyə çalışır. Bir növ hərəkətlilik var. Filmlər də istehsal olunur, rəqəmlər artım tempini göstərir. Ancaq rəqəm heç də həmişə hər şeyi göstərmir. Burada futbol azarkeşlərinin Sir Alex Ferguson tərəfindən deyilən və dillər əzbəri olan məşhur ifadəsini təkrar yazmıram, bilənlər bildi.
Faktiki olaraq mövcud seçim mexanizmindən yaxşı layihə çıxmaq şansı çox azdır. Çünki layihə seçilir, inkişaf etdirilmədən birbaşa istehsala buraxılır və nəticə sadəcə məyusluq olur. Təkəri yenidən kəşf etməyə gərək yoxdur. Avropada filmin hər etapı üçün ayrıca proqramlar olur. İnkişaf üçün ayrı, istehsal üçün ayrı, post-prodakşn üçün ayrı. Bu mexanizmlər layihənin hər etapı üçün ayrıca seleksiya rolunu oynayır. Bizdə isə hazırda ssenaristlərin tələm-tələsik yazdığı, bir-iki ay vaxt sərf etdikləri konseptual işlər dəyərləndirilir. Bu da pislər arasında yaxşını seçməklə nəticələnir. Layihənin artıq dördüncü-beşinci versiyası istehsala gedir. Layihəni bəyənməyən seçim komissiyası da fakt qarşısında qoyulur ki, bizim layihəmiz artıq seçilib, siz bu layihəni istehsala buraxmalısınız. Buraxmayacaqdınızsa, niyə seçmişdiniz? Nəticədə ortaya çıxan məhsullar ən yaxşı halda, ortabablığın təntənəsi olur. Deyəndə də filminiz zəif alınıb, xətirlərinə dəyir. Guya bilmirik nə yaxşıdır, nə pisdir. Festival desən A kateqoriyalı festivala düşə bilmirsiniz, kassa desən orda da nəticə yoxdur. Bu necə yaxşı işdir ki, ortada heç bir əllə tutulan uğur olmur? Yutub rəylərinə baxıb özünüzü inandırın ki, siz dahisiniz, amma qədrinizi bilən yoxdur.




