sabah səhər oyanıb "dünən axşam nə paylaşdım e mən" deyib siləcəyim o yazı (bunu yazıram ki, bunu yazmağımdan utanıb silməyim).
bayaq "Telegram" kanalıma baxırdım və daha əvvəl qeyd etdiyim kimi, son iki ayda 20 nəfərə yaxın adam kanalı tərk edib. belə şeyləri şəxsi qəbul etdiyim tək yer, yəqin ki, yalnız "Telegram" kanalımdır, çünki buranı icma kimi görürəm. "Instagram"dakı izləyiciləri də çox önəmsəsəm də, "dazed and confused" kanalı və buranın abunələri ayrıdır.
nəysə, sonra öz-özümə dedim ki, nə edim axı, bu qədər paylaşmağa vaxtım, səbrim, enerjim qalıb.
enerjim bir az bitib, çünki (dəfələrlə deyib təkrar edirəm sorry) 2013-cü ildən bəri internetə müxtəlif formatlarda kontentlər yaradıram - hərəsinin də məqsədi fərqli olub (ümumi amal eyni olsa da).
və 2013-dən bu yana hər şey o qədər yavaş gedir ki. istər-istəməz enerjini bərpa etmək üçün aralar vermək mütləq olur.
işlərin yavaş getməsi halı ilə isə xoşbəxtəm, çünki bundan artıq diqqət xoşagəlməz ola bilər, amma eyni zamanda da hələ də çatmalı olduğum, mənim kontentim kimi bir şey axtaran insanlara çatmadığımı düşünürəm.
niyə çata bilmirəm?
bəlkə, estetik həyat, lüks nələrsə təqdim etmirəm (sarkastik və neqativ bir şey kimi demirəm) deyə alqoritm məni sevmir? bu, ola bilər.
bəlkə, kontentlərim, doğrudan, kifayət qədər yaxşı deyil (estetika, yox keyfiyyətdən danışıram)?
siyahının uzanacağından əminəm, amma digər sual da "bəlkə, öz içimdəki Pərini ötürə bilmirəm?"di.
mənə insanlar çox ciddi göründüyümü deyəndə vaxt var idi buna çaş-baş qalırdım, təəccüblənirdim. çünki öz dünyamda xeyli əyləncəli, deyib-gülən insan idim. indi nə elə deyiləm, nə də elə qəbul edilməkdən təəccüblənirəm.
uşaqlıqda sözündə səhv tutulan, şeir demək istəyəndə aqressiv cavab alan, maraqlarına dəstək verilməyən, bütün diqqət və qayğının qardaşına getdiyini görən uşaq kimi, birinci, kimin yanında özüm ola biləcəyimi götür-qoy edə-edə böyüdüm (Y nəsli tərəfindən böyüdülmüş ortalama millennial azərb. gənci həyatı).
sonra məktəb, universitet həyatında məni olduğum kimi sevən dostlara sahib olduğumu düşünüb yanıldım.
sonra da artıq başqa insanların yanında özümü olduğum kimi ifadə etməyin çox da vecimə olmağını düşünüb bu mövzunun başını bir dəfəlik buraxdım.
bu hissə sırf özüm yaşamışam deyə deyil, amma hansısa yeniyetmə/gəncin başına gələ biləcək ən acınacaqlı şeylərdən biridir - həyatımızı özümüzü qəbul edib tanımağa sərf edirik və bu prosesdə səni sevən, alqışlayan insanlar azdırsa, yaxud onlar tənqidçidirsə, özünü yalnız özünə saxlamaq qaçınılmazdır. və bu, belə olmalı deyil. nə vaxt bitəcəyini bilmədiyimiz ömür özümüzü gizlədərək keçirilməməlidir.
elə məsələ də burasındadır ki, realdakı mühitdən qaçıb virtuala gizlənəndə insan özü kimi olmaq istəyindən çox uzaqlaşa bilmir. ekrana baxıb səni anlayacaq birinin ekranın digər tərəfində olduğunu düşünmək istəyirsən.
ya söz deyəndə bundan pis məna çıxarmadan sətirlərin arasını oxuya bilənləri.
2013-dən davam edən səyahətim xeyir vermək, nəsə qatmaq, öyrəndiklərimi, düşündüklərimi arxivləşdirmək məqsədi ilə paylaşılıb, amma həm də hamısında özümü özüm kimi təqdim etmək yanğısı da olub.
hələ də var, amma illər ərzində "özüm" deyə düşündüyüm hər şey tamamilə dəyişib.
yazının sonunu ilk paraqraflarla əlaqələndirə bilsək, hələ sözlərim kəsilməmiş, şeirlərim bölünməmiş, tiroid diaqnozu almamış, özümü "çox" hiss etməyimə səbəb olan insanların ətrafında olmamış daha maraqlı pəri idim və bəlkə də, o cürə qalsaydım, insanlarla (bu məqamda sizlərlə) daha dərin bağ qura bilərdim.
amma hazırda da "bütün həyatını paylaşırsan" (paylaşmıram) sözlərini ara-sıra ən yaxınlarından eşidən insan kimi, bu fikirləri yenə də paylaşmaq, bölüşmək, arxivə göndərmək istədim.
💌