Kino Agentliyi pitçinqə keçən, maliyyə dəstəyi verəcəyi filmlərin siyahısını elan edib. Bədii sənədli film layihələri kateqoriyasında 3 layihə ( “Sükutun ardınca”, “38 saniyə”, “Türkün həyat ağacı”) keçib. Bir şeyi başa düşmək istəyirəm. Bədii sənədli deyəndə bizim rejissorlar nəyi nəzərdə tuturlar və ya biz nə başa düşməliyik? Sənədli filmlərə sadəcə, illüstrativ formada bədii elementlərin, quraşdrıma, kombinə edilmiş səhnələrin daxil edilməsi? Məsələ ondadır ki, bu formada çəkilən filmlər özünü keyfiyyət baxımdan doğrultmur, köhnə kürüş görünür. Ona görə sənədliyə bədii səhnələr daxil edəndə, onu fərqli metodlarla tətbiq edin, maraqlı montaj həlləri, nəqlin formasını tapın zəhmət olmasa, yəni sadəcə kəsib yapışdırmayın, bundan başqa dokufikşnlə dokudrama arasında fərqi özünüzçün dəqiq müəyyənləşdirin, dünya kinosundan bəhrələnin.
Yadıma düşmüşkən, Elçin Quliyevin “Ümid zirvəsi”nin hekayəsi çox dramatikdir, amma dramaturji də yaxşı qurub, film təsirlidir, sadəcə bədii səhnələr keyfiyyətli çəkilsə (operator Əhməd Barasov) də bu səhnələr ümumi materialda kreativ montaj yanaşması tələb edirdi.
Pitçinq mərhələsinə keçən ssenarilərin bəziləri zəifdir. Çünki oxumuşam. Hacı Səfərov da yazmışdı ki, mövcud seçim mexanizmindən yaxşı layihə çıxmaq şansı azdır, çünki inkişaf etdirilmədən birbaşa istehsala buraxılır. Problem də budur. Agentlik mütləq şəkildə, potensialı olan ssenarilərin inkişaf proqramını işə salmalıdır.
Keçənlərdə pitçinqdə böyük büdcəli bir layihə keçib, sonra öyrənirəm ki, ssenarini işləmək üçün ssenaristlər dəvət ediblər. Necə olur bu?! Bəlkə heç nəticədə keyfiyyətli ssenari çıxmayacaq və dövlət vəsaitini xərcləyib ortabab film çəkəcəksiz? Bu, nə qeyri-peşəkarlıqdır. Rəşad müəllim, eqosistemdən ekosistemə niyə keçə bilmirsiz? Nə mane olur sizə?
Sonra Nurlan Həsənlinin “Anam xaric” ssenarisinin keçməməsi də pisdir. Çünki bu ssenari oxuduğum digər ssenarilərlə müqayisədə dramaturji cəhətdən düzdür, keyfiyyətlidir, hekayəsi aktualdır, maraqlıdır və hətta bunu məktəblərdə də göstərmək olardı. Düzdür, finalını və final öncəsi hissələri daha dərin işləmək lazımdır. Münsiflərin dəqiq kim olduğunu bilmirəm, amma yəqin ki, onların bir qisminə ssenari dərsləri keçmək lazımdır.