Milli Mətbuat Gününün 151-ci ildönümü müstəqil media nümayəndələrinin həbsdə olduğu bir şəraitdə qeyd edildi. “Meydan TV işi” çərçivəsində həbs olunan “Arqument” saytının baş redaktoru Şəmşad Ağa "Abzad Media"ya verdiyi müsahibədən bir hissəni təqdim edirik. Müsahibəni saytımızdan oxuya bilərsiniz:
– Təmsil etdiyiniz medianın ictimai əhəmiyyətli mövzuları gündəmə gətirməsi və həqiqətləri üzə çıxarması həm cəmiyyət, həm də hakimiyyət üçün hansı məna daşıyırdı?
– Hakimiyyət həqiqəti özünün ən böyük düşməni elan edib, çünki bütün idarəetmə yalan və yaltaqlıq üzərində qurulub. O, vətəndaşı dinləmək, onun problemini görmək istəmir. Media vətəndaşın problemini göstərən aynadır. Öz eybəcərliklərini bu aynada görən hakimiyyət eyblərini düzəltmək, özünü səliqə-səhmana salmaq əvəzinə güzgünü sındırır. Həbsdə olduğum müddətdə televiziyaları müntəzəm izləyirəm. Bütün sosial xəbərlərin sonunda gəlinən nəticə odur ki, vətəndaş günahkardır. Bu tezis məqsədli şəkildə televiziyalara, hökumətyönlü medialara ötürülür və tirajlanır.
Medianı 4-cü hakimiyyət kimi xarakterizə edirlər. Yəni, hakimiyyətin 3 qoluna ictimai nəzarətdir media. Bizdə isə hakimiyyətin iki qolu – qanunverici və məhkəmə – icraedici hakimiyyətin notariat kontorudur. Belə olan halda 4-cü hakimiyyətə də gərək qalmır. Həbslərə gəlincə, avtoritar rejimlərin ən qorxduğu silah ictimai rəydir. İctimai rəyi sıradan çıxarmaq üçün onu formalaşdıran medianı susdurmaq, jurnalistləri həbs etdirmək lazım gəlir. Çünki daxildə istənilən etiraz avtoritarların qorxulu yuxusudur. Avropa Məhkəməsinin qərarlarında jurnalistlər cəmiyyətin “gözətçi köpəkləri” kimi xarakterizə olunur. Ölkəni bir evə bənzətsək, gözətçi köpək yoxdursa, oğrunun işi asanlaşır, rahat çapıb-talaya, oğurlaya bilir. Bu hakimiyyət də rüşvət və korrupsiya üzərində bərqərar olunub. Çox doğru sual verdiniz, jurnalistlərin həbsi qısa müddətdə hakimiyyətə daha çox oğurlamaq imkanı verir, cəmiyyət, ölkə, xalq isə uzun müddət böyük itkilər yaşayır. Çünki oğurlanan hər şey xalqındır. Mən həmişə hakimiyyətin vətənpərvərlik nağıllarını dinləyəndə Saltkov-Şedrinin bir fikrini xatırlayıram: “Haçan ki vətənpərvərlikdən danışırlar, deməli, nəyisə oğurlamağa çalışırlar”.