Depressiya_nədir?
Depressiya — hər zaman həzz aldığınız fəaliyyətlərə qarşı marağın itməsi və ən azı iki həftə ərzində gündəlik işləri yerinə yetirə bilməməklə müşayiət olunan davamlı kədər və qəm hissidir. Depressiya gündəlik həyatın çətinliklərinə qarşı yaranan müvəqqəti kədərdən və ya adi əhval-ruhiyyə dəyişikliklərindən fərqlənir.
Depressiya yayılmış bir xəstəlikdir; dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir. Depressiya hər kəsə və hər yaşda təsir edə bilər. İnsan bunu həyatında bir dəfə təcrübə edə bilər, yaxud xəstəlik xroniki (davamlı təkrarlanan) xarakter ala bilər.
Depressiyanın_ümumi_əlamətləri_və_simptomları
Depressiyanın həm psixoloji, həm də fiziki simptomları olur. Bu simptomlar yüngül və ya ağır dərəcədə ola bilər; hətta insanın həyatın yaşamağa dəymədiyini hiss etməsinə və nəticədə intihara gətirib çıxarmasına səbəb ola bilər.
Psixoloji simptomlara daxildir: kədər, tənhalıq, ümidsizlik, xoşunuza gələn işlərə marağın itməsi, ağlamaq istəyi, təqsirkarlıq və ya dəyərsizlik hissi, aşağı özünəhörmət, təfəkkürün ləngiməsi, unutqanlıq, diqqəti toplamaqda çətinlik, özünə zərər vermə və intihar fikirlləri.
Fiziki simptomlara daxildir: daimi enerji çatışmazlığı, yuxu pozuntusu (həddindən artıq və ya çox az yuxu), iştahasızlıq və ya həddindən artıq yemək, cinsi həvəsin azalması, ağrılar, hər hansı müəyyən fiziki xəstəlik olmadan zəiflik/yorğunluq və ya həzm problemləri.
Gənclərdə müşahidə olunan digər simptomlar: məktəbdə və evdə fəaliyyətə mane olan davranış problemləri, ailə üzvləri və dostlarla münasibətlərdə münaqişələrin artması və ya təhlükəli davranışlara əl atmaq. Bu şəxslər məktəbə getməkdən imtina edir, özlərinə zərər vurur (məsələn, bədənlərini kəsməklə), narkotik və alkol aludəçiliyi edir və qorunmayan cinsi əlaqədə olurlar.
Yaşlı insanlarda digər simptomlar: yaddaş problemləri, çaşqınlıq, şəxsiyyət dəyişiklikləri (Altsheymer xəstəliyini təqlid edən), fiziki ağrılar, yorğunluq, yuxu problemləri və cəmiyyət arasına çıxmaq və ya yeni işlər görmək əvəzinə daha çox evdə qalmaq meyli. Depressiya şəkər, xərçəng, ürək xəstəlikləri və Parkinson kimi digər tibbi problemlərlə yanaşı da üzə çıxa bilər.
Qadınlarda_və_kişilərdə_depressiya
Depressiya qadınlar arasında kişilərə nisbətən daha yayğındır və qadınlar yardım almaq üçün daha çox müraciət edirlər. Qadınlar həyatlarında onları depressiyaya daha meylli edən mərhələlərdən keçirlər (məsələn, hamiləlik və ya menopozdan əvvəlki dövr). Qadınlar kişilərə nisbətən daha çox intihara cəhd edirlər, lakin ölümə aparan intihar nisbəti kişilərdən daha azdır.
Kişilərdə depressiya özünü təcridolunma davranışları ilə göstərə bilər (işdə və ya idmanda həddindən artıq vaxt keçirmək, alkol və narkotik maddələrdən sui-istifadə, zorakı davranışlar, səbəbsiz əsəbilik/qıcıqlanma, ehtiyatsız sürmə kimi təhlükəli davranışlar). Kişilər yardım istəməyə daha az meyllidirlər.
Kişilər intihar fikirlləri yarandıqda daha impulsiv davrana və daha ölümcül üsullardan (məsələn, silah) istifadə edə bilərlər və bu, daha çox ölümcül nəticələnir.
Depressiyanın_ümumi_səbəbləri
Bir çox amillər depressiya riskini artıra bilər: kasıblıq, işsizlik, yaxınların itirilməsi və ya münasibətlərin bitməsi kimi həyat hadisələri, fiziki xəstəliklər, alkol və narkotik istifadəsindən yaranan problemlər. Genetik amillər də depressiyaya səbəb ola bilər (məsələn, bəzi ailələrdə depressiyanın irsi xarakter daşıması).
Nə_zaman_kömək_istəməli!
Əgər ən azı iki həftə ərzində demək olar ki, hər gün və günün çox hissəsində depressiya simptomları yaşayırsınızsa, depressiyada ola bilərsiniz. İşdə və ya münasibətlərinizdə problemlər yarandıqda və ya başqaları dəyişdiyinizi söylədikdə kömək istəmək çox vacibdir. Bir dost və ya ailə üzvü ilə danışmaq yaxşıdır. Bəzi insanlar icmalarındakı mütəxəssislərdən və ya dini şəxslərdən kömək istəyirlər. İnsanların çoxu etibarlı şəxslərlə danışdıqdan sonra müvəqqəti rahatlıq hiss edir, lakin effektiv müalicə üçün yerli səhiyyə işçilərinə, həkimə və ya psixi sağlamlıq mütəxəssislərinə müraciət etmək lazımdır
3August 25, 2026 138 2