İran: son saatların xəbərləri
🚨 İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz ətrafında yeni “qadağan zona” yaradılacağını açıqlayıb. Məhdudiyyət ABŞ-ın dəniz blokadası xəttindən İranın yükləmə limanlarınadək uzanacaq.
⚓️ Rzayi Hörmüz boğazının “tam bağlı” olduğunu bildirib. Onun sözlərinə görə, İranın razılığı olmadan boğaza istiqamət götürən gəmilər ölkənin sanksiya siyahısına salına bilər.
🏛 Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası İrana birtərəfli sanksiya tətbiq edən ölkə, şirkət və şəxslərin Hörmüzdən keçidinin qadağan edilməsini nəzərdə tutan maddəni qəbul edib.
💰 Komissiyanın digər qərarı müharibə təzminatını boğazdan keçid hüququ ilə əlaqələndirir. İrana müharibə zamanı zərər vurmuş tərəflər təzminat barədə razılaşmasa, onların gəmilərinə keçid icazəsi verilməyə bilər.
🚢 Yeni layihədə Hörmüzdən keçən gəmilər üçün bank təminatı və risk sığortası mexanizmlərinin yaradılması da nəzərdə tutulur. Bununla İran boğazı həm hərbi, həm də maliyyə təzyiq alətinə çevirməyə çalışır.
🚀 SEPAH ABŞ-ın üç İran tankerinə hücumundan sonra Amerikanın təyyarədaşıyan gəmisi və esminesinə ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb. İran tərəfi iki hərbi gəminin zədələndiyini bildirir.
🛰 SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz yaxınlığındakı qorunan zonaya daxil olmağa çalışan ABŞ-a məxsus pilotsuz dəniz aparatını vurduğunu da bəyan edib.
⛔️ İran qüvvələrinin xəbərdarlığından sonra ən azı üç enerji daşıyan gəmi cənub marşrutunda hərəkəti dayandıraraq geri dönüb. Onlardan biri Qətərə məxsus LNG tankeridir.
📉 Son məlumatlara görə, Hörmüzdən yük gəmilərinin orta gündəlik keçidi 10-a düşüb. Bu, may ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
⚠️ Hörmüzdə təhlükə səviyyəsi “yüksək” olaraq qalır. Naviqasiya pozuntuları, SEPAH-ın kommersiya gəmilərini izləməsi və radio xəbərdarlıqları davam edir.
🗣 Parlament sədri Məhəmmədbağır Qalibaf bildirib ki, “mütənasib cavablar dövrü başa çatıb”. O, bundan sonrakı cavabların daha sürətli, daha ağır və daha ağrılı olacağını deyib.
🛡 Parlamentin təhlükəsizlik komissiyasının sözçüsü Həsən Qəşqavi Hörmüz uğrunda qarşıdurmanı İran üçün “mövcudluq savaşı” adlandırıb və ABŞ hücumlarının cavabsız qalmayacağını vurğulayıb.
⚖️ Keçmiş prezident Həsən Ruhani müharibənin davam etdirilib-etdirilməməsi barədə xalqla məsləhətləşməyə çağırıb. Onun “müharibə ləyaqətlə başa çatmalıdır” mövqeyi ölkə daxilində sərt siyasi mübahisə yaradıb.
⛽️ Hökumət benzinin üçüncü tarifini sentyabrın 8-dən litr üçün 10 min tümənə qaldırır. Aylıq 60 litr 1500 tümənlik və 50 litr 3000 tümənlik güzəştli kvotalar dəyişməz qalır.
🔥 Sənəndəc (Sənə) istiqamətində yanacaq tankerinin partlaması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb. Kürdüstan ostanında iki günlük matəm elan edilib.
September 7, 2026 218 1