Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır… — Alioglu_News🇦🇿 — TG.ME

⚠️ Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır

Şuşada daşların üzərinə adların, o cümlədən şəhidlərimizin adlarının yazılması ətrafında yaranan ictimai qınaq tamamilə haqlıdır. Çünki məsələ bir neçə sözün daş üzərində görünməsindən qat-qat böyükdür. Burada söhbət insanın tarix qarşısında öz yerini necə anlamasından gedir.

Tarixi məkan insanın şəxsi dəftəri deyil. Şəhərin divarı xatirə albomu, qədim daş isə avtoqraf kitabçası deyil. Şuşaya gələn hər kəs orada öz izini qoymağa yox, Şuşanın izini özü ilə aparmağa çalışmalıdır.

Bu şəhər Azərbaycanın adi yaşayış məntəqələrindən biri deyil. Şuşa yaddaşdır, ağrıdır, qürurdur, qayıdışdır. Onun daşında yüzilliklərin nəfəsi, küçələrində itirilmiş zamanın səsi var. Belə bir məkanda “mən burada olmuşam” deməyin ən pis forması məhz bunu divara və ya daşa yazmaqdır. İnsan tarixin qarşısında öz adını böyütmək istəyərkən bəzən yalnız öz mədəniyyətsizliyini böyüdür.

Şəhidlərin adlarının bu şəkildə yazılması isə məsələni daha ağır edir.

Şəhidin adı reklam deyil, qraffiti deyil, təsadüfi divar yazısı deyil. O ad artıq dövlətin, xalqın və tarixin yaddaşındadır. Şəhidlərimizin xatirəsinə ölkənin müxtəlif yerlərində abidələr, parklar, xiyabanlar, memorial komplekslər yaradılıb. Onların adını yaşatmağın yolu tarixi daşı boyamaq deyil. Bəzən hörmət etdiyini düşünən insan məhz hörmətin sərhədini bilmədiyi üçün hörmətsizlik edir.

Şəhidlərin adı daşların üstünə yox, millətin vicdanına yazılıb. Oradan onu heç kim silə bilməz.

“Yaxşı niyyət” də belə hallara bəraət qazandıra bilməz. Mədəniyyət niyyətdən yox, davranışdan görünür. İctimai əmlaka, tarixi binaya, abidəyə, şəhər infrastrukturuna münasibətdə əsas meyar insanın nə düşündüyü deyil, nə etdiyi olmalıdır.

Bir müddət əvvəl Nizami Kino Mərkəzinin binasında baş verən analoji hallar da cəmiyyətdə haqlı narazılıq yaratmışdı. Bu gün bir divara yazılan sözə göz yumularsa, sabah həmin məntiq abidəyə, qala divarına, tarixi fasada keçəcək. Vandalizm həmişə böyük dağıntı ilə başlamır. Bəzən ilk addım sadəcə bir marker, bir boya qutusu və “bundan nə olacaq ki?” düşüncəsi olur.

Avropanın bir sıra şəhərlərində nəzarətsiz qraffiti mədəniyyətinin binaları, küçələri, hətta tarixi məhəllələri necə vizual xaosa çevirdiyini görmək mümkündür. Küçə sənəti ilə vandalizm arasında çox sadə fərq var: sənət məkanı zənginləşdirir, vandalizm isə onu özbaşınalığın səthinə çevirir.

Ona görə də məsələ yalnız ictimai qınaqla bitməməlidir. Qayda varsa, məsuliyyət də olmalıdır. Şəxsin statusu, vəzifəsi, tanınmışlığı və ya niyyəti burada heç nəyi dəyişmir. Tarixi və ictimai məkana zərər vuran hər kəs eyni hüquqi və mənəvi ölçü ilə qiymətləndirilməlidir.

Biz Şuşanı azad etmək üçün qan tökmüşük. İndi onu qorumaq üçün mədəniyyət göstərməliyik.

Çünki torpağı düşməndən almaq qəhrəmanlıqdır. Onu öz nadanlığından qorumaq isə sivilizasiya.
❤1
September 4, 2026 136