🇲🇩🇪🇺 Keçmiş SSRİ içində Avropa
⠀
Kişinyovda qısa səfərdə oldum və şəhər haqqında maraqlı bir təəssürat yarandı.
⠀
Məlumdur ki, Moldova Avropanın ən kasıb ölkələrindən biridir və şəhərdə, xüsusilə memarlığında sosializm dövrünün izləri çoxdur.
⠀
Buna baxmayaraq, postsovet məkanında gördüyüm ən “Avropa ab-havalı” şəhərlərdən biri məhz Kişinyov oldu.
⠀
Rus dilində lövhələrə və rus dilində danışanlara tez-tez rast gəlinsədə, Kişinyov qətiyyən Rusiya şəhəri deyil, tipik Şərqi Avropanı xatırladır.
⠀
Düşünürəm, burada da hər şey urbanistikaya bağlıdır.
⠀
Kişineuda ağaclar çoxdur, səkiləri ideal olmasa da, əksər yerlərdə kifayər qədər geniş və yaşıldır. Sıxıcı təəssürat bağışlamır. Bəlkə də bunun səbəblərindən biri odur ki, şəhərdə o qədər də çox pul fırlanmır və kütləvi tikinti bura gəlib çıxmayıb.
⠀
Avropa ruhunu bəxş edən həm də detallardır. Dar avtomobil zolaqları, sadə və hündür olmayan daş bordürlər və əksər yerlərdə rahat panduslar (fotoları əlavə edirəm).
⠀
Bu meyarlardan başa düşmək olar ki, “Avropa şəhəri” kimi hiss olunması üçün mütləq metroya, tramvaya və velozolaqlara gərək yoxdur. Kişinyovda ictimai nəqliyyatdan yalnız avtobus və trolleybuslar var.
⠀
Bütün bunları deyərkən, əlbəttə doğma və öz əvəzolunmaz ruhu olan Bakıya sevgim dəyişmir. Sadəcə bir müşahidədir ki, şəhərin hansı regiona aid olduğu hissi çox vaxt məhz bu cür urbanistik detallardan formalaşır.
16
2June 10, 2026 578 2







