Anar Əliyevin bloqu: post #175 — TG.ME

❇️ Stereotipləri dağıdan “Tağıyev” və Tağıyev.

🎬 H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunan “Tağıyev” filminin sonuncu bölümünün premyerasına dəvət aldım.

İlk üç seriyasını kinoteatrda böyük həvəslə izləmişdim. Burada da yazmışdım ki, “Azərbaycanda yaxşı kino çəkməyi bacarmırlar” stereotipini bu fiım sındıra bildi. Kifayət qədər büdcə ayırıb işə peşəkar və sənətkar insanlar cəlb olunanda ortaya həqiqətən keyfiyyətli nəticə çıxa bilər.

Dördüncü seriya isə xüsusilə önəmli oldu. Spoyler vermirəm — hər kəsə məlumdur ki, Tağıyev qızlar üçün məktəb tikdirərkən dövrün cahil stereotiplərinə qarşı ciddi mübarizə aparmalı olmuşdu. Mübahisələrə rəğmən həmin məktəb açıldı və bu gün müasir Azərbaycanda “qızlar təhsil almamalıdır” düşüncəsinin demək olar ki, izi belə qalmayıb.

Lakin indiki dövrdə bizdə, məsələn mənim vloq apardığım sahədə, hələ də saysız stereotiplər var: “bizim xanımlar velosiped sürməz”, “azərbaycanlılar avtomobilsiz yaşaya bilməz”, “velozolaqlar Bakıya yaraşmır” və s. kimi fikirləri demək olar hər gün oxuyuruq.

Yəni, stereotipləri həm öz dövründə bu adam, həm də onun haqqında film dağıda bildi.

H.Z.Tağıyev kimi dahi bir şəxsiyyətlə özümü müqayisə etmək nə doğru olar, nə də buna ehtiyac var. Amma zaman çox yaxşı müəllimdir. Çox istərdim ki, bu müəllim təkcə stereotiplərlə yaşayan şərh yazanları yox, qərar verən insanları da tez ayıltsın.
❤13👏7
May 1, 2026 760 1