Gəncədə sahibsiz itlərin sayının artması sakinlərin ciddi narahatlığına səbəb olur.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Qafqazın ən qədim parklarından biri olan Xan bağı ərazisində dolaşan sahibsiz itlər istirahətə gələnlər üçün təhlükə yaradır.
Rəsmi məlumatlara əsasən, Gəncədə hər ay 100-dən çox vətəndaşın sahibsiz itlərin dişləməsi nəticəsində xəsarət aldığı qeydə alınır. Bu göstərici problemin miqyasını və sakinlərin narahatlığının səbəbsiz olmadığını göstərir.
Sakinlər bildirirlər ki, günün müxtəlif saatlarında Xan bağında it sürülərinə rast gəlmək mümkündür. Sahibsiz itlər uşaqlara, yaşlılara və piyadalara hürür, bəzən qəfil yaxınlaşaraq insanlarda qorxu yaradır.
Qeyd edək ki, sahibsiz itlər probleminin həlli məqsədilə 2023-cü ildə Gəncədə “Yuva” heyvan sığınacağı yaradılıb. Sığınacaqda sahibsiz itlərin peyvənd olunması və nəzarətdə saxlanılması nəzərdə tutulurdu. Lakin ötən ilin yanvarında maddi çatışmazlıqlar səbəbindən sığınacağın fəaliyyətini dayandırılıb.
Sakinlər sahibsiz itlərlə bağlı problemin həlli üçün aidiyyəti qurumların daha ciddi və effektiv tədbirlər görməsini istəyirlər.
Yeni "Instagram" hesabımız
@gencexeberaz




