🤖📚 Neyroşəbəkələr heç vaxt mövcud olmayan alimlər “yaradıblar”, onların adları ilə elmi məlumat bazalarına artıq minlərlə məqalə yüklənib.
Samsung və Varşava Universitetinin tədqiqatçıları “kabus müəlliflər” barədə preprint - elmi məqalənin ilkin versiyasını dərc ediblər. Söhbət dil modellərindən ekspert adı uydurmaq istənildikdə onların təkrar-təkrar təqdim etdiyi qondarma adlardan gedir.
Ən çox rast gəlinən adlar Elena Vaskes və Markus Çendir. Araşdırma müəlliflərinin hesablamalarına görə, bu iki “şəxs” yüzlərlə generasiya edilmiş sənəddə vulkanoloq, astronavt, triller qəhrəmanı, podkast aparıcısı və elmi məqalələrin həmmüəllifi kimi göstərilib.
Zenodo-da - elmi işlər üçün universal, pulsuz və açıq repozitoriyada - tədqiqatçılar belə adlarla imzalanmış 1,6 mindən çox qeyd aşkarlayıblar. Bu materiallarda mövcud olmayan elmi jurnallara istinadlar verilir, dərc tarixləri isə geriyə tarixlənir.
Zenodo-da istənilən şəxs pulsuz hesab yarada və məqalə üçün unikal rəqəmsal DOI kodu ala bilər. Daha sonra həmin materialları müxtəlif aqreqatorlar avtomatik götürür. Eyni qondarma adlar başqa platformalarda da aşkarlanıb, hətta müxtəlif neyroşəbəkələrin yaratdığı müəlliflərdən ibarət bütöv “tədqiqat qrupları” formalaşıb. Bu adlar heç bir yoxlama olmadan Google Scholar və Semantic Scholar axtarışlarında da görünür.
Araşdırmaya görə, hər modelin “sevdiyi” qondarma adlar var: Claude daha çox Elena Amara Okaforu, Gemini Arisa Torn və Lena Petrovanı, ChatGPT isə Elara Voss və Markus Çeni yaradır. Bəzi adlar isə bir-biri ilə “birləşərək” tez-tez birlikdə peyda olur.
Preprint hələ elmi resenziyadan keçməyib və nəticələri müstəqil şəkildə təsdiqlənməyib. Alimlər üçün nəzərdə tutulan platformaların heç biri araşdırmaya açıq şəkildə münasibət bildirməyib. Buna görə də repozitoriya administrasiyalarının bu qeydlərin nə qədərini “zibil” hesab edəcəyi və onları silib-silməyəcəyi hələ məlum deyil.
#Süniİntellekt #Elm #Neyroşəbəkə #ChatGPT #Texnologiya

September 1, 2026 73