Bu ilin iyul ayında Azərbaycana turizm məqsədilə 184 min 20 nəfər əcnəbi gəlib.
“Yeni avaz” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iyul ayında Azərbaycana gələn turistlərin cəmi 0,2%-i və ya 415 nəfəri ölkəyə quru yolla daxil olub.
Qeyd edək ki, ölkəyə quru yolla daxil olanların hamısı Gürcüstan vətəndaşları olub. İyul ayında təyyarə ilə Azərbaycana gələn Gürcüstan vətəndaşlarının sayı 3 min 122 nəfər olub.
Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra bu ilin 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı fəaliyyətə başlayıb.
Onu da qeyd edək ki, iyul ayında Azərbaycana gələn turistlərin 1%-i və ya 1 819 nəfəri ölkəyə su yolu ilə daxil olub. Su yolu ilə gələnlərin 939 nəfəri Türkmənistan, 312 nəfəri Qazaxıstan, 215 nəfəri Rusiya, 97 nəfəri Türkiyə, 73 nəfəri Gürcüstan, 67 nəfəri Ukrayna, 35 nəfəri Özbəkistan, 21 nəfəri Tacikistan, 17 nəfəri İran vətəndaşı olub.



















