Son vaxtlar bir şeyi çox düşünürəm.
Mən bu dünyanın sürətinə uyğunlaşa bilmirəm. Əslində bacarmadığım üçün yox, sadəcə istəmirəm.
Hamı nəyisə sübut etməyə çalışır. Daha uğurlu görünməyə, daha xoşbəxt görünməyə, daha məşğul görünməyə, daha "mükəmməl" görünməyə.
Mən isə getdikcə daha az görünmək istəyirəm.
Çünki insan yorulur. Hər gün kiminsə həyatına baxmaqdan, özünü izah etməkdən, gözləntilərə uyğun yaşamaqdan, heç hiss etmədiyi duyğuları hiss edirmiş kimi göstərməkdən.
Mən saxta pozitivlikdən yorulmuşam.
"Hər şey əladır."
"Həmişə motivasiyalı ol."
"Heç vaxt zəif görünmə."
Bəzən heç nə əla olmur. Bəzən insan sadəcə yorulur. Məncə, bunun normal olduğunu qəbul etmək özünü sevməyin ilk addımlarından biridir.
Ən qəribəsi bilirsiniz nədir?
İnsanlar səmimiyyət axtardıqlarını deyirlər, amma həqiqətən səmimi olanda narahat olurlar. Çünki biz həqiqəti yox, rahat yalanları sevməyə öyrəşmişik.
Artıq elə bir dövrdə yaşayırıq ki, insanların xarakterini yox, şəxsi brendini tanıyırıq. Hamının bir obrazı var, tonu var, filtri var, hətta marketinqi var. Amma çox az adamın özü var.
Hamı "özün ol" deyir, sonra da hamı eyni olmağın yollarını öyrədir.
Mən elə insanları sevirəm ki, yanında heç nəyi sübut etməyə ehtiyac qalmır. Bir neçə ay danışmasaq da münasibət dəyişmir. "Yaxşı deyiləm" deyəndə sənə motivasiya videosu göndərmirlər. Sadəcə anlayırlar.
Çünki bəzən insanın məsləhətə yox, başa düşülməyə ehtiyacı olur.
Mən artıq çox adam tanımaq istəmirəm. Az olsun, amma baxışlarında səs-küy olmasın. Söhbətlərimiz insanların nə geyindiyindən, nə qazandığından yox, həyatdan başlasın. Bir-birimizə təsir bağışlamağa yox, bir-birimizi başa düşməyə çalışaq.
İndiki cəmiyyət bizə deyir ki, daha çox görün.
Mən isə düşünürəm ki, insan ən çox görünəndə yox, özünə qayıdanda böyüyür.
Bəlkə də buna görə son vaxtlar təkliyi sevirəm. Tənhalığı yox, təkliyi.
Çünki tək qalanda nə profil şəklin olursan, nə izləyici sayın, nə peşən, nə də başqalarının sənin haqqında qurduğu fikir.
Sadəcə özün.
Və məncə, insanın ən böyük rahatlığı da elə budur.
Bir də...
"Məni heç kim anlamır."
"Mən bu dünyaya aid deyiləm."
"Mən hamıdan fərqliyəm."
Düzünü desəm, son vaxtlar ən çox da bu cümlələr yorur məni.
Çünki həqiqətən özünü tanıyan insanın bunu hər fürsətdə deməyə ehtiyacı olmur.
Bir də qəribəsi odur ki, "hamı kimi deyiləm" deyənlərin çoxu eyni cümlələri işlədir. Sanki fərqli olmaq üçün də ortaq qrup yaradılıb.
Nəysə...
Bəlkə də mən çox düşünürəm.
Bəlkə də yox.
Amma artıq kiməsə nəyisə sübut edəcək qədər enerjim yoxdur.
Məni anlayan bir neçə insan varsa, mənə kifayətdir.
Qalanları ilə isə eyni planetdə yaşamağımız, eyni dünyaya baxdığımız demək deyil.
Hə, bir də...
Əgər bu yazını oxuyub "mənə deyir" deyə incimisənsə...
...bəlkə də doğrudan sənə demişəm. :)
#Mələk