Qəlbin Nuru
Son Möhlət...
“Ramazan bitdi... Fürsətlər tükəndi, oruclar və təravihlər geridə qaldı. Udan uddu, uduzan isə öz itkisi ilə baş-başa qaldı...”
Bu kəlmələr qulağa necə də ağır, necə də sarsıdıcı gəlir, elə deyilmi?
Sanki bir uçurumun kənarında dayanıb, barmaqlarımızın arasından süzülüb gedən misilsiz bir xəzinənin ardınca çarəsizcə baxırıq. İçimizdə boğucu bir sızıltı, “kaş ki”lərin qəlbi daraltdığı o ağır xüsran hissi...
Lakin hələ son pərdə enməyib...
Bəlkə bu günə qədər özünü gecikmiş, yorulmuş, hətta uduzmuş hiss edirsən. Bəlkə “mən bu ayı layiqincə yaşaya bilmədim” deyə qəlbin sıxılır. Amma ola bilsin ki, bu son bir neçə gecənin qaranlığında elə bir an, elə bir nur gizlənib ki, o, min aya — bəlkə də bir ömrə bərabərdir.
Bəzən bir ayın ibadətini son gecədə səmimi bir peşmançılıqla tökülən bir damla göz yaşı və titrəyən dillə edilən tövbə əvəz edə bilər.
Ramazanı elə bir hüznlə yola sal ki, sənin bu son cəhdin bütün əskiklərini tamamlasın.
Düşün: bəlkə də bu, sənin ömür təqvimindəki sonuncu Ramazanındır.
Səfər bitmək üzrədir, amma qapı hələ tam bağlanmayıb. O qapıdan içəri girmək üçün cəmi bir neçə addımın qalıb.
İndi, elə bu an... Ayağa qalx.
“Mən uduzdum” deyib kənara çəkilmə.
Artıq sayılı günlərin deyil, saniyələrin belə qədrini bil. Elə dua et ki, göylər titrəsin; elə sığın ki, uduzanlardan yox, qazananlardan olasan.
Fürsət hələ əlindədir.
Hələ də sənindir.
Ondan faydalan.
https://t.me/mefatihul_khayr