● "Uşaq nə bilir, nə başa düşür hicab nədir?"
• Bu cümləni - təəssüf ki - nəinki dindar olmayanlar, hətta dindar ailələr, dindar atalar, hətta hicablı analar belə işlədir. Halbuki, burada problem yanlış tərəfdə göstərilir.
Uşaq bilə bilər və hicabın mahiyyətini - öz yaşı və zehninə uyğun - yaxşı da anlaya bilər. Sadəcə düzgün və ona uyğun izah lazımdır. Videodakı uşağın sözlərinə baxın. Çox yaxşı yetişdirilən, dini yaxşı öyrədilən uşaq hicabı bu şəkildə anlaya və açıqlaya bilər.
• Deməli, problem uşaqların yaşında deyil, valideynlərdədir. Dindar olmayanların belə düşünməsi müəyyən mənada başadüşüləndir. Amma dindar olanların belə söz deməsi narahat edir. Uşaqlara təsir edən fərqli amillər ola bilsə də, sırf hicab cəhətdən maariflənmək bir çox halda valideynin uşağın dini tərbiyəsindəki qüsurlarından qaynaqlana bilər. Bu da müxtəlif səbəblə ola bilər:
1️⃣ Valideynlər hicabın mənasını, mahiyyətini, əhəmiyyətini anlayır, sadəcə bunu övlada aşılamaqda uğursuzdurlar. Onun anlayacağı, başa düşəcəyi dildə ona izah edə bilməmək, yaxud öz gündəlik yaşamlarında dinin və dindarlığın müsbət tərəflərini övlada müşahidə etdirə bilməmək və s.: beləcə onda hicaba, yaxud ümumən dinə və dindarlığa rəğbət yarada bilmirlər.
2️⃣ Daha narahatedicisi budur: bəzən dindar valideyn özü belə hicabı tam anlamır, dərk etmir. Ona görə də uşağa da bunu aşılaya bilmir. Xüsusən də hicablı analardan danışsaq: ya zamanında dərk etmədən həvəsə düşərək hicaba keçib, ya ümumiyyətlə, öz istəyi ilə yox, ailənin, cəmiyyətin təsiri ilə hicab bağlayıb və s.
Nəticədə valideyn hicabın fərdin öz dinini qoruması, haram baxışlardan qorunması, istərsə də cəmiyyətin saleh bir cəmiyyət olması baxımından faydalarını və əhəmiyyətini dərk etmir.
• Bu və ya digər səbəblərlə övlada hicabı aşılamayan və övladını dindar biri olaraq böyüdə bilməyən valideyn özü bir çox halda günahkar və təqsirkar olur. Övladın dini tərbiyəsi və ona dini dəyərlərin öyrədilməsi valideynin üzərinə düşən dini öhdəliklərdəndir. Bu öhdəliyinə riayət etməyən valideyn özü günah qazanmaqla yanaşı, övladının düzgün dini tərbiyə almasına mane ola və onun dini baxımdan yanlış istiqamətdə böyüməsinə səbəb ola bilər.
Bu isə gözə alınacaq bir şey deyil. Allah-taala Qurani-Kərimdə buyurur:
Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
• Həll yolu isə hər halda budur ki, insan əvvəla özü öyrənsin, anlasın, hicabın əhəmiyyət və mahiyyətini öz yaşayışında və davranışlarında göstərsin, əvvəl davranışları, sonra isə uşağın yaş, ağıl və anlayış səviyyəsinə, onun anlayacağı dilə uyğun olaraq bunları uşağa öyrətsin.
• Yuxarıdakı videoda uşağın hicabı necə anlaması və yetişkin bir insana ona təsir edəcək şəkildə necə çatdırması çox yaxşı bir nümunədir. Uşaq anlamırsa, ona anlatmaq, izah etmək lazımdır.
Bu barədə yetərli savadı olmayanlar üçün internetdə əlaqəli mövzularda yetərincə moizələr və məqalələr, dini dükanlarda isə müxtəlif alimlərin, ilahiyyatçıların kitabları və s. var. Bunlara müraciət edə bilər, beləcə övladının düzgün dini tərbiyə almasında müvəffəq ola bilər.
https://t.me/keshkull















