Azərbaycanın xalq artisti Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
O həm teatr, həm kino aktyoru kimi böyük uğur qazanıb, unudulmaz rollar yaradıb. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Onun 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və görkəmli sənətkarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili xaş" və "Bəyin oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin oğurlanması") obrazının xüsusi yeri var.
Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl günü"ndəki Mahmud doktorunu, "Nə gözəldir bu dünya…"dakı Asim Əliyeviçi, "Hər şey yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlanmalıdır.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib, Birinci Fəxri Xiyabanda dəfn olunub.
@insanoidcom


