Elm tələb etmək yalnız “müəyyən standartlara” bağlı deyil Elm… — FAYDAİLİM — TG.ME

💢 Elm tələb etmək yalnız “müəyyən standartlara” bağlı deyil

Elm öyrənməyin müəyyən əsasları vardır: mərhələli şəkildə irəliləmək, elmi elm əhlindən almaq, ən mühüm məsələləri önə çəkmək və köklü mənbələrə əhəmiyyət vermək. Bunlar sabit prinsiplərdir. Lakin elm öyrənmə üsulları bu prinsiplərlə eyni deyil və tək bir formaya salına bilməz.

👉 Bəzi insanlar elm tələb etməyi yalnız müəyyən kitabları müəyyən ardıcıllıqla oxumaq, çoxlu mətn əzbərləmək, müəyyən sayda dərsə qatılmaq və uzunmüddətli xüsusi proqram keçməklə məhdudlaşdırırlar. Halbuki bunlar elm əldə etməyin vasitələridir, özləri məqsəd və ya elm tələbəsinin ölçüsü deyildir.

İnsanların qabiliyyətləri, vaxtları və şəraitləri fərqlidir. Kimisi əzbərləməkdə güclüdür, kimisi anlamaqda; kimisi müəllimdən, kimisi oxumaq və müzakirə yolu ilə daha yaxşı öyrənir. Tarix boyu da elm müxtəlif üsullarla öyrənilib: məclislər, elm səfərləri, mədrəsələr, kitab mütaliəsi və s.

Əzbər, şübhəsiz ki, elmdə mühüm və faydalı bir vasitədir. Lakin çox əzbər etmək insanın alim və ya elm tələbəsi olmasının yeganə meyarı deyil. Əsas olan elmi düzgün şəkildə əldə etmək, anlamaq və ondan faydalanmaqdır.

Ona görə də müəyyən bir proqramı və ya üsulu faydalı hesab etmək doğru ola bilər, lakin onu elm öyrənməyin yeganə standartı kimi təqdim etmək doğru deyil. Ki vaxtı, imkanları və qabiliyyəti məhdud olan insanlar da bacardığı qədər elm tələb etsinlər.

✍️ Bəzi insanlar müəyyən standartlara uyğun olmadıqlarını düşünərək: “Niyə mən filan qədər hədis əzbərləyə bilmirəm? Niyə mən bu kitabları bitirə bilmirəm?” — deyə-deyə elmdən uzaqlaşırlar.

Halbuki elm tələb etmək yalnız hədis və kitablar əzbərləməkdən ibarət deyil. Oturub bir dərsə qulaq asmaq, oradan kiçik də olsa faydalar qeyd etmək, hər gün az da olsa kitab oxumaq — bunların hamısı elm tələb etməkdir.

Bu da şeytanın insanlara qarşı oyunlarından biridir. O, insanın gözündə belə göstərir ki, guya sən müəyyən bir yolla getməsən, elm tələbəsi sayılmırsan və hamıdan geri qalırsan. Sonra da ona deyir: “Bu yol sənlik deyil. Sənin ailən var, uşaqların var, sən bunu bacara bilməzsən.” Beləcə insanı elm yolundan uzaqlaşdırır.

Təəssüf ki, bu, çoxlarının düşdüyü tələlərdən biridir. Elm tələb etmək üçün mükəmməl şərait və müəyyən bir standart gözləmək lazım deyil. İnsan bacardığı qədər, imkanı daxilində elm öyrənməyə davam etməlidir.

Məqsəd elm qapılarını müəyyən standartlarla insanların üzünə bağlamaq deyil, hər kəsin imkanı daxilində elmə yönəlməsinə yol açmaqdır.

Və sonda önəmli olan say deyil, keyfiyyətdir. Əzbərlədiyin Quranın, öyrəndiyin hədislərin və qulaq asdığın dərslərin sənin imanına və Allah qorxuna təsir etməsidir!

Çoxlu hədis əzbərləməyin, kitablar bitirməyin və hər dərsə sadəcə “iştirak etdim” demək üçün girməyin nə faydası var, əgər bunlar sənin imanını artırmırsa? Belə olduqda insan kitablarla yüklənmiş uzunqulağa bənzəyər, elm onun lehinə deyil, əleyhinə olar. Allahdan əfv və salamatlıq istəyirik. Ən düzünü Allah bilir.

#faydailim_elmtələbetmək

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
September 3, 2026 39