🇦🇲 Ermənistan: son saatların xəbərləri
🔹 Andranik Tevanyanın ittihamı ciddi şəkildə dəyişdirilib. İstintaq sənədlərindən onun xarici xüsusi xidmət tərəfindən cəlb edilməsi və 622 min dollar alması barədə əvvəlki iddialar çıxarılıb. Məhkəmə prosesi başlayır.
🔹 Müdafiə naziri Suren Papikyan çağırışçılarla görüşüb. Nazir hərbi hissələrdən birində yeni çağırılan əsgərlərlə söhbət edib; bundan əvvəl pilotsuz uçuş aparatları üzrə təlim mərkəzində yoxlama aparıb.
🔹 Parlament aparatında kadr qərarları verilib. Hegine Xaçikyan və Eduard Xanzrdyan aparat rəhbərinin müavinləri vəzifəsinə yenidən təyin ediliblər.
🔹 Kassasiya Məhkəməsinin hakimi istefa verib. Vigen Koçaryanın səlahiyyətləri sentyabrın 7-dən öz ərizəsi əsasında dayandırılıb.
🔹 Masisdə (Uluxanlı) xəstə ölümü ilə bağlı beş tibb işçisi saxlanılıb. 69 yaşlı qadın əməliyyat zamanı ümumi narkoz altında həyatını itirib. Saxlanılanlar arasında anestezioloq və tibb mərkəzinin direktoru da var.
🔹 Dövlət borcu bir ayda 47,5 milyard dram artıb. İyulun sonunda Ermənistanın ümumi dövlət borcu 5,16 trilyon drama, yaxud 14,08 milyard dollara çatıb.
🔹 İllik inflyasiya 4,4 faiz təşkil edib. Ərzaq qiymətlərində artım 6,4 faiz, qeyri-ərzaq mallarında 2,4 faiz olub; xidmətlər üzrə bahalaşma 2,8 faizə yüksəlib.
🔹 Uşaqların tibbi sığortası ilə bağlı yeni izah verilib. Səhiyyə naziri Anahit Avanesyan bildirib ki, planlı müraciətdə əvvəl poliklinika, sonra xəstəxana ardıcıllığı pozularsa, sığorta xərci ödəməyə bilər.
🔹 İrəvanda və bölgələrdə yüzlərlə ünvanda elektrik kəsiləcək. Sentyabrın 8–9-da planlı təmir səbəbindən paytaxtın bir neçə inzibati rayonunda və regionlarda müvəqqəti enerji fasilələri nəzərdə tutulub.
🔹 Gavarda (Kəvər) böyük silah arsenalı aşkarlanıb. Avtomobildə beş avtomat, döyüş tapançası və müxtəlif çaplı patronlar tapılıb. 59 yaşlı kişi həbs edilib.
🔹 Lori bölgəsində silahlı insidentin yeni təfərrüatları açıqlanıb. 30 yaşlı kişinin güllə yarası alması ilə bağlı iş qətl cəhdi, xuliqanlıq, adam oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə araşdırılır. Yaralı Vanadzor (Böyük Qarakilsə) xəstəxanasına aparılmışdı.
🔹 İrəvan Dövlət Universitetinin keçmiş müəllimi məhkəməni udub. Müxalif baxışları ilə tanınan Menua Soqomonyanın işdən çıxarılması qanunsuz sayılıb; universitet ona 2024-cü ilin sentyabrından hesablanan məcburi işsiz qalma pulunu ödəməlidir.
🔹 Ermənistan idmanında faciə yaşanıb. Dilijan (Dilican) idman kompleksinin gənc yunan-Roma güləşçisi, 10-cu sinif şagirdi Qukas Qulinyan vaxtsız vəfat edib.
🔹 Loridə fermerlərin məhsul satışı problemi kəskinləşib. Bağbanlar məhsul yetişdirsələr də, satış kanallarının məhdudluğu üzündən meyvənin bir hissəsinin ağaclarda xarab olduğunu bildirirlər.
🔹 Erməni Apostol Kilsəsi bu gün Müqəddəs Məryəmin doğum gününü qeyd edir. Sentyabrın 8-də kilsələrdə bayram ayinləri və liturgiyalar keçirilir.
September 8, 2026 145