🇦🇿🇫🇷Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycanda hərbi cinayətlərə görə məhkum edilmiş erməni əsilli şəxslərə həsr olunan sərginin keçirilməsi ilə əlaqədar Paris meri Qrequara məktub ünvanlayıb.
Diplomat vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir və ölkənin ərazi bütövlüyü Fransa və Ermənistan da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
“Bizi narahat edən odur ki, sözügedən təşəbbüs, görünür, Fransadakı erməni diasporunu təmsil edən təşkilatlardan qaynaqlanır, halbuki Ermənistan hakimiyyəti ən yüksək səviyyədə sülh gündəliyini davam etdirməyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu açıq şəkildə bəyan edib”, - müraciətdə bildirilib.
Abdullayeva həmçinin qeyd edib ki, belə bir “sərginin” keçirilməsi sülh gündəliyinə ziddir.
“Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsinə gəlincə, onlar ağır cinayətlərdə - insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə, terrorçuluqda, eləcə də hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə görə Ukraynanın “Mirotvorets” sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransa Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, bu cür şəxslərin azadlığa buraxılmasını tələb etmək bizə ziddiyyətli görünür”, - Abdullayeva əlavə edib.
Diplomat Paris meriyasını sərginin keçirilməsi barədə qərara yenidən baxmağa və onun təşkilini dayandırmağa çağırıb.
#Azərbaycan #Fransa #LeylaAbdullayeva #Paris #Qarabağ

September 1, 2026 219