🇺🇸🗳 İsrailə dəstəyə etiraz ABŞ Demokrat Partiyası daxilində siyasi qüvvəyə çevrilir
▪️“Uncommitted” hərəkatı 2024-cü il praymerizləri ərəfəsində Co Bayden administrasiyasının İsrailin Qəzzadakı müharibəsinə verdiyi dəstəyə etiraz olaraq yaranıb. Demokrat seçicilər Baydenə səs vermək əvəzinə “qərarsız” seçimini etməyə çağırılırdı. Təkcə Miçiqanda 100 mindən çox insan - praymeriz iştirakçılarının təxminən 13%-i bu variantı seçib. Əhalisinin böyük hissəsini ərəblərin təşkil etdiyi Dirbornda isə etiraz səsi Baydenin topladığı səsləri üstələyib. Ölkə üzrə hərəkat 700 mindən çox səsi səfərbər edib.
▪️Demokrat Partiyasının rəhbərliyi hərəkatın tələblərini faktiki olaraq nəzərə almayıb: İsrailə silah embarqosu partiyanın proqramına daxil edilməyib, fələstinli amerikalı nümayəndəyə isə Çikaqoda keçirilən Demokratların milli qurultayında çıxış etməyə icazə verilməyib. Prezident seçkilərində bunun nəticələri xüsusilə Miçiqanda hiss olunub: ərəblərin üstünlük təşkil etdiyi dairələrdə Kamala Harris cəmi 31% səs toplayıb, daha 20% isə üçüncü tərəf namizədlərə gedib.
▪️İki il sonra bu etirazın təşkilatçıları artıq partiya daxilində seçkilərdə özləri qalib gəlməyə başlayıblar. “Uncommitted” hərəkatının həmtəsisçisi Abbas Alaviyə Dirborn və Detroytun bir hissəsini əhatə edən Miçiqan Senatının 2-ci dairəsində Demokratların praymerizində qalib gəlib. ABŞ-nin İsrail müharibəsinə dəstəyinə qarşı çıxan Əbdül Əl-Səyyid isə Miçiqandan ABŞ Senatına Demokrat Partiyasının namizədliyi uğrunda mübarizədə təxminən 49% səslə qalib gəlib. Konqres üzvü Heyli Stivens 47% səs toplayıb.
▪️Nyu-Cersidə həkim və ABŞ ordusunun veteranı, Qəzzada cərrah kimi çalışmış və İsraili açıq şəkildə tənqid edən Adam Hamavi 12-ci dairədə keçirilən praymerizdə 11 rəqibini geridə qoyub. Onun şüarı “Healthcare, not bombs” - “Bombalar yox, səhiyyə” olub. Hamavi təxminən 28% səs toplayıb və indi demokratların sayının respublikaçılardan iki dəfədən çox olduğu dairədə noyabr seçkilərinə gedir.
▪️Beləliklə, partiya rəhbərliyinin 2024-cü ildə görməzlikdən gələ bildiyi kampaniya yox olmayıb. Hərəkatın fəalları təşkilati şəbəkə qurub və öz namizədlərini Demokratların praymerizlərindən keçirməyə başlayıblar. Onlar İsrailin müharibələrinə dəstəyin dayandırılması tələbini mənzil xərcləri, səhiyyə və dövlət vəsaitlərinin müharibələrdən sosial ehtiyaclara yönəldilməsi kimi daxili gündəmlə birləşdirirlər.
#ABŞ #Demokratlar #Uncommitted #İsrail #Miçiqan

August 31, 2026 233 1