Səfər ayının əməlləri
Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:
يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ
Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmətikə cəmiu xəlqikə fəkfini şərrə xəlqik, ya muhsinu ya mucmilu ya munimu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm, və kəzalikə nuncil muminin, və səlləllahu əla Muhəmmədin və alihit-təyyibinət-tahirin.
Səfər ayının üçüncü gününün əməlləri:
Seyid ibn Tavus “Əshabunəl-imamiyyə” kitabından belə nəql edir:
“Səfər ayının üçüncü günü iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, namazın birinci rükətində “Həmd” surəsindən sonra “Fəth” surəsi, ikinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi, namazın salamından sonra isə yüz dəfə salavat və yüz dəfə “Əllahumməl`ən alə Əbi Sufyan.” (Allah Əbu Süfyanın övladlarına lənət etsin!) – demək, ondan sonra da yüz dəfə tövbə edib, Allahdan hacət diləmək göstəriş verilir.
Səfər ayının iyirminci (Ərbəin) gününün əməlləri:
İmam Hüseynin (ə) ərbəinində (qırxında) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün və fəzilətli olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”
İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Möminin beş əlaməti vardır: 1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. sağ ələ üzük taxmaq; 3. səcdədə alını torpağa qoymaq; 4. ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək; 5. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək və “Ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.