İqtisadi məsələlərdə səthi, populist və mövzuya dərindən nüfuz… — Ekonomist📊 — TG.ME

İqtisadi məsələlərdə səthi, populist və mövzuya dərindən nüfuz etmədən ətrafında var-gəl edilməklə aparılan diskussiyaları sevmirəm. Çünki bu diskussiyalar konstruktiv təklif, analitik təhlildən daha çox mız qoymaq, belə olmaz, elə olmaz və ya bu olmalıdır (məsələn, ixracı artırmalıyıq kimi ümumi fikirlər) tipli siyasi demoqogiyalara çevrilir. İqtisadçılarla qeyri-iqtisadçıların diskussiyalarında fərqlərdən biri də odur ki, birincilər nəyə necə və hansı yolla nail olmağı, ikincilər sadəcə nələrə nail olmağın vacibliyini qeyd edirlər. İnsan ev almalıdır fikri ilə insan bir evi necə almalıdır fikri arasında yerlə göy qədər fərq var.

Mətləbə keçərək bəzi məsələlərlə bağlı düşüncələrim:

- Bizim iqtisadi modelimiz ixracı artırmaq olmalıdır. Bunu hamı bilir, hətta Fatmanisə nənə də. Amma, əvvəla burada fikrin ifadəsi yanlışdır. Bizim iqtisadi modelimiz ixracı artırmaq deyil, bizim ixracyönlü iqtisadi modelimiz olmalıdır fikri daha doğrudur. Birinci fikirdə belə anlaşılır ki, bizim iqtisadi modelimiz var, lakin bu modelin ixracı azdır, biz bu modeldə ixracı artırmalıyıq. İkinci fikir isə ixracyönlü iqtisadi modelin qurulması vacibliyini əks etdirir. Fərqli fikirlərdir;

- ixracyönlü iqtisadi model dedikdə nəzərə alaq ki, ixrac son nəticədir. İxraca qədər isə keçilən yol uzundur. İxrac üçün istehsal lazımdır, hansı məhsulların istehsalı (konkret 2 il öncə bu məsələ ilə bağlı ciddi təhlillərə başlamışdım, lakin özümdən asılı olmayan səbəblərdən təəssüf ki, yarımçıq qaldı) və necə? İstehsal üçün xam məhsullar lazımdır. Hansıları özümüz təmin edəcəyik, hansıları idxal edəcəyik? İxrac üçün vacib olan azı 10-11 parametrin hansılarını təmin edə bilirik və sair suallara aydın cavablar olmalıdır;

- demokratiya və iqtisadi inkişaf, təhlükəsizlik və iqtisadi inkişaf və sair kimi məfhum və anlayışlar ətrafında diskussiya vacibdir. Lakin, bu diskussiyalar dərin biliklər tələb edir. Xüsusilə ölkələrin iqtisadi inkişaf tarixləri, reseptlərinin dərin öyrənilməsi vacibdir. Məsələn, iqtisadi inkişaf edən ölkələrin arasında avtoritar, diktator rejimləri, monarxiya, parlament və prezident üsul idarələrinin olduğu ölkələr olub və var. Məsələn, Cənubi Koreyanı yüksəldən kifayət qədər avtoritar üsul-idarə tətbiq edən General Park olub, və ya Sinqapur misalı, və ya Çilini xaos və iqtisadi tənəzzüldən çıxaran diktator Pinoçet, və ya müstəqillik qazandığı 1971-ci ildən ömrünün sonunadək (2004-cü ilə qədər) ölkəsini idarə etmiş BƏƏ şeyxi Zayed bin Sultan Al Nəhyan. Bura Almaniyanı birləşdirib qüdrətli dövlətə çevrilməsinin əsasını qoyan Bismarkı da daxil etmək olar və sair. Demokratik yolla iqtisadi inkişafa nail olan ölkələr isə daha çox olduğu üçün saymağa ehtiyac yoxdur. Avropa ölkələrinin əksəriyyəti, Yaponiya monarxiya rejimidir, demokratiyanın beşiyi sayılan ABŞ ilə rəqabət aparaq Çin kommunist (əslində isə avtoritar) rejimdir və sair. Amma, iqtisadi inkişafa nail olmuş bütün fərqli quruluşları birləşdirən bir əsas cəhət olub: ölkədəki təsisatların, institutların gücləndirilməsi. İlk növbədə hüquq-məhkəmə sistemi, sonra iqtsadi təsisatlar. Güclənmə dedikdə isə təkcə bol və geniş səlahiyyətlərin verilməsi deyil. Səlahiyyət-məsuliyyət-hesabatlılıq prinsiplərinin bir-birini balanslaşdırılması ön planda olmalıdır. Siz fikir verirsinizsə, iqtisadiyyatın hər hansı sahəsində fəaliyyət göstərən bir təsisatın rəhbəri öz işinin hakimi olduqda, üzərinə təşəbbüs, məsuliyyət və hesabatlılıq götürdükdə o sahədə intizam da olur, irəliləyiş də. Hansı qurumun rəhbəri öz qurumunun hətta fəlsəfəsi, hüquq, səlahiyyət və vəzifələrini bilmirsə o qurum nəinki iqtisadiyyata töhfə verir, hətta iqtisadiyyat üçün yükə çevrilir. Çox dərin mövzudur;

- iqtisadiyyatı bir elm kimi qəbul ediriksə həmin mövzuda müzakirələr zamanı daha çox iqtisadi inkişaf yolları, reseptləri, nəzəriyyələri, uğurlu və uğursuz iqtisadiyyatlara malik ölkələrin iqtisadi tarixlərinə fokuslanmaq daha məhsuldar nəticələr verər, nəinki siyasi manipulyativ fikirlərə;
August 31, 2026 37