🇮🇱 “Israel Hayom” nəşrinin dərc etdiyi məqalədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişinin Yaxın Şərqdə yaratdığı yeni geosiyasi və təhlükəsizlik reallığı təhlil olunur. İslam dünyasının müqəddəs məkanlarına ev sahibliyi edən Səudiyyə Ərəbistanı, nüvə silahına malik Pakistan və NATO üzvü Türkiyəni bir araya gətirən bu müdafiə anlaşmasının Yaxın Şərqdə qüvvələr balansını dəyişdirəcəyi, silahlanma yarışını daha da sürətləndirəcəyi bildirilir.
Məqalədə qeyd olunur ki, saziş ABŞ-nin regiondakı çəkindiricilik siyasətinin zəifləməsi fonunda formalaşıb. Vaşinqtonun İranla bağlı son aylardakı ehtiyatlı və tərəddüdlü siyasəti regional dövlətlərdə təhlükəsizlik narahatlıqlarını artıraraq onları alternativ strateji tərəfdaşlar axtarmağa sövq edib. Saziş kollektiv müdafiə mexanizmi kimi təqdim olunsa da, NATO-dakı qarşılıqlı müdafiə maddəsinə bənzər öhdəliyin real hərbi müdaxiləyə zəmanət vermədiyi vurğulanır. Həmçinin Pakistanın tərəfdaşlarına nüvə çətiri təqdim edəcəyinə dair hələlik konkret göstərici yoxdur.
Saziş həmçinin Türkiyəni İsrail üçün İran qədər əhəmiyyətli təhlükəyə çevirir. Ankara bu ittifaq vasitəsilə Körfəzdə təsirini artırmağa və İsrailə həm diplomatik, həm də hərbi baxımdan təzyiq göstərməyə çalışa bilər. Türkiyə və Pakistan münasibətlərində müdafiə sənayesi xüsusi əhəmiyyət daşıyır. Ankara Pakistanın əsas silah təchizatçılarından birinə çevrilib və iki ölkə hazır silahların alınmasından daha çox, birgə texnologiya və hərbi platformaların hazırlanmasına yönəlir. Pakistanın Türkiyənin KAAN qırıcı layihəsinə qoşulması da bu əməkdaşlığın dərinləşməsinin göstəricisi kimi təqdim edilir.
Yeni üçtərəfli əməkdaşlığa cavab olaraq İsrail üçün fərqli paralel strateji istiqamət təklif olunur. İlkin istiqamət artıq mövcud olan İsrail,Yunanıstan və Kipr əməkdaşlığının gücləndirilməsidir. Mövcüd format Türkiyənin Aralıq dənizində və Suriyada artan təsirinə qarşı balans yarada bilər.
Digər bir istiqamət isə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan arasında strateji üçbucağın formalaşdırılmasıdır. Türkiyənin regional təsirinin genişlənməsindən narahat olan BƏƏ İsraillə müdafiə və strateji əməkdaşlığını davam etdirir. Hindistan isə həm Pakistanın hərbi imkanlarının artmasından, həm də Türkiyənin Cənubi Asiyada təsirini genişləndirməsindən narahatdır.
Nəticə olaraq belə qənaətə gəlinir ki, üç dövlət arasında hələ tam formalaşmış blok və institusional baxımdan möhkəm bir hərbi ittifaq kimi olmasa da, lakin siyasi mesaj baxımından regionda güc balansının dəyişdiyini göstərir. Regionda güc balansının dəyişməsindən narahat olan İsrail, BƏƏ və Hindistanın isə texnologiya, kəşfiyyat, müdafiə sənayesi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməsi yeni yaranan bloka qarşı strateji balans yarada bilər.
Məqalənin tam versiyası:
https://www.israelhayom.com/2026/08/10/israels-answer-to-the-muslim-nato/




