Psixologiyada “məruz buraxma” deyə bir anlayış var. İnsan qorxduğu şeylə üzləşməyənə qədər onu məğlub edə bilməz. Amma məsələ burasındadır ki, bəzi insanlar, hətta bəzi psixoloqlar belə məruz buraxmanı yanlış anlayırlar.
Məruz buraxma texnikaları elə sistemsiz şəkildə istifadə olunacaq texnikalar deyil.
Birincisi, unutmaq lazım deyil ki, məruz buraxma texnikaları psixologiyada olan yüzlərlə texnikadan biridir. Dolayısıyla, məruz buraxma texnikaları hər dəfə istifadə olunan texnikalar deyil. Bəzi psixoloqlar yeri gəldi-gəlmədi məruz buraxma texnikalarından istifadə edirlər və bəzən insanlarda da belə bir şübhə yaranır ki, “Mən məruz buraxılmağa hələ ki hazır deyiləm, ona görə də psixoloqa getməyim”. Bu yanlışdır. Çünki dediyim kimi, məruz buraxma texnikaları tək çarəmiz deyil, başqa texnikalar da mövcuddur.
İkincisi, məruz buraxmanın müxtəlif növləri var. Məsələn, koqnitiv məruz buraxma deyilən, şüurda məruz buraxma texnikaları mövcuddur. Yəni biz bir çox qorxumuzla reallıqda deyil, beynimizin içində üzləşməliyik və beynimizin içində onları məğlub etməliyik. Hər zaman real həyatda onlarla üzləşmək məcburiyyətimiz yoxdur. Hətta bir çox hallarda problemli nöqtələrdən uzaqlaşmağımız daha məsləhətlidir, nəinki onlarla üzləşmək. Yəni qorxularla üzləşmək hər zaman ən yaxşı yol deyil.
Üçüncüsü, məruz buraxma texnikaları sistemli şəkildə istifadə olunur. Pasiyenti məruz buraxmaya hazırlamaq, əvvəlcədən ondan qiymətləndirmələr aparmaq, başqa texnikalardan istifadə etmək lazımdır ki, bu da bəzən dörd-beş seans sürür. Yəni məruz buraxma texnikaları bir çox texnikadan və bir çox seansdan sonra gələn şeydir. Bəzi psixoloqlar pasiyenti ilk seansdan məruz buraxmağa, qorxuları ilə üzləşməyə itələyirlər. Hansı ki, bu yanlışdır. Hər zaman hər insan qorxusu ilə üzləşməyə bu qədər hazır deyil. Əvvəlcədən hazırlamaq lazımdır.
Dördüncüsü, məruz buraxma texnikaları məntiqli olmalıdır. Yəni pasienti rəzil etməyə, ya da məntiqli olmayan hərəkətlər etməyə yönləndirmirik. Bəzən olur ki, Instagramda görürəm ki, psixoloq tövsiyə edir ki, əgər sizdə utancaqlıq varsa, küçənin ortasında qışqırın. Bu absurddur, çünki küçənin ortasında qışqırmaq normal bir hərəkət deyil və biz pasiyentə bunu öyrətməməliyik. Və psixoloqun özü də heç küçənin ortasında qışqırmaz. Yəni küçənin ortasında qışqırmaq utancaqlığı məğlub etmək deyil. Bu, əslində başqa bir problemdir. Və yaxud da başqa bir utancaqlıq problemi olan pasiyentə bir psixoloq “aptekə gedib toyuq istə” deyə məsləhət vermişdi. Bu yanlışdır. Çünki bu da ağıllı bir hərəkət deyil və pasiyenti pis vəziyyətdə qoya bilər.
Məruz buraxma texnikaları pasiyenti rəzil etməyə və pis vəziyyətdə qoymağa fokuslanmır. Tam əksinə, başqalarının normal həyatda edə bildiyi, amma pasiyentin edə bilmədiyi davranışı etməyə cəsarətləndirir.
Dolayısıyla, məruz buraxma texnikaları və bütün digər texnikalar da sistemsiz, kor-koranə istifadə edilməməlidir. Hər birinin istifadə edilmə yeri və zamanı vardır.
Fuad Əsədov