Amma ki gözləmirəm daha yolunu sənin,
Düşdüyüm quyulara
əl uzada bilmədin,
tutum qolunu sənin.
Sən olduğun o evi
hələ təmizləmədim,
sən gedən gündən bəri
pişik əzizləmədim.
Mən belə görürəm ki,
özümün kir-pasını
bulamışam hər şeyə,
tanıdığım adamın
həyatını büsbütün
qınamışam hər şeyə.
Sən demə, ayrılıqlar
öldürürmüş adamı.
Babam öləndən sonra
səndən gözləməyəcəm
ki, alasan qadamı.
Dost olmuşam buludla,
göz yaşımın yerinə
mənim üçün ağlayır.
Düşmənəm ürəyimlə,
istəmədiyim halda
sənin orda yerini
böyük-böyük saxlayır.
Bir də saxta tanışlar,
baxa-baxa gözümün
içinə çox gülürlər.
Sağalmayan yaramı
səndən, mənim özümdən
hələ yaxşı bilirlər.
Qulağımın dibindən
maşınlar ötür, keçir,
bizim xəbərimiz yox.
Böyüyürük, yaşımız,
ömrümüz ötür, keçir.
Görən məni yadına
salıb nə vaxtsa bir gün
çağırarsan toyuna?
Dünən dizimdən olan
balaca uşaqların
bu gün boyu ucalıb
çatıb mənim boyuma.
Amma ki gözləmirəm,
gələsən, anam kimi
saçımı oxşayasan.
Mən kiməm ki, sən məni
sevəsən, xoşlayasan?!
Bu sevginin başından
yolumuz görünürdü,
qürurumuz ayaqlar
altında sürünürdü.
Səni bağışlayıram,
günahın öz boynuna,
get, yolların açıqdı.
Mənim onsuz bəxtimin
gözü kordu, bilirsən,
burda hər şey beləcə
bax, ala-yarımçıqdı…
• Nail Zeyniyev/ Peşmanlıq Nəğmələri Kitabından..
2August 29, 2026 6