Almaniya hökuməti bir sıra rusiyalı diplomatların ölkədən çıxarılmasını nəzərdən keçirir. Həmçinin Berlindəki “Rusiya Evi”nin bağlanması və Rusiyanın Bonndakı baş konsulluğunun fəaliyyətinə xitam verilməsi ehtimalları araşdırılır.
“Der Spiegel”in məlumatına görə, mümkün tədbirlərə səbəb Leypsiq/Halle hava limanında partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatının aşkarlanması olub. Almaniya hakimiyyəti hadisəni araşdırır və Moskvanın insidentə mümkün aidiyyəti ilə bağlı yekun qiymətləndirməyə hazırlaşır.
Almaniya hökuməti hələlik Rusiyanı rəsmi şəkildə ittiham etməyib. Kansler Fridrix Merz və xarici işlər naziri İohann Vadeful hadisə ilə bağlı yaxın günlərdə konkret cavab tədbirlərinin açıqlanacağını bildiriblər. Vadeful qeyd edib ki, Berlin hücuma cavab verəcək, lakin konkret tədbirlərin təfərrüatlarını açıqlamayıb.
Rusiya səfirliyi isə daha əvvəl hadisə ilə bağlı Rusiyaya yönələn ittihamları uydurma təxribat adlandırıb.
@insanoidcom



