🇺🇸🇳🇱 ABŞ-nin Palantir şirkəti Rusiyanın “Yandex” qrupunun keçmiş ana şirkəti olan Nebius Group N.V. ilə strateji tərəfdaşlıq elan edib.
Əməkdaşlıq çərçivəsində Palantir-in kommersiya müştəriləri Nebius-un süni intellekt üçün optimallaşdırılmış hesablama infrastrukturu və bulud platformasından istifadə edə biləcəklər.
Palantir Nebius-u suveren süni intellekt həlləri üzrə üstünlük verdiyi infrastruktur tərəfdaşı seçib. İnteqrasiya başa çatdıqdan sonra Nebius-un hesablama resursları və süni intellekt modellərinin işlədilməsi üçün nəzərdə tutulan xidmət nöqtələri Palantir-in korporativ mühiti daxilində yerləşdiriləcək.
Şirkətlər Palantir müştəriləri üçün yeni hesablama güclərinin daha sürətli istifadəyə verilməsi istiqamətində də birgə çalışacaqlar.
Palantir-in həmtəsisçisi və baş direktoru Aleks Karp bildirib ki, Nebius-un infrastrukturu müştərilərə öz süni intellekt modellərini nəzarət etdikləri şəraitdə işlətməyə imkan verəcək. Onun sözlərinə görə, Palantir-in məlumatları strukturlaşdıran platforması ilə Nebius-un infrastrukturu tərəfdaşların tələb etdiyi texnoloji suverenliyin əsasını təşkil edəcək.
Nebius Amsterdamda yerləşən və süni intellekt üçün bulud infrastrukturu və hesablama gücləri üzrə ixtisaslaşan Niderland texnologiya şirkətidir. Şirkət Rusiyanın “Yandex” qrupunun keçmiş Niderland ana şirkəti Yandex N.V.-nin birbaşa korporativ varisidir.
2024-cü ilin iyulunda Yandex N.V. Rusiyadakı bütün aktivlərini yerli investorlar konsorsiumuna təxminən 5,4 milyard dollara satıb. Bundan sonra şirkət Rusiya biznesindəki payından tam çıxıb və adını Nebius Group olaraq dəyişib.
Nebius keçmiş qrupun beynəlxalq texnoloji aktivlərini özündə saxlayıb. Bunlara Nebius AI bulud platforması, məlumatların hazırlanması üzrə Toloka AI, avtonom nəqliyyat şirkəti Avride və TripleTen təhsil platforması daxildir. Şirkət, həmçinin Finlandiyada məlumat mərkəzi və təxminən 1300 əməkdaşı öz strukturunda saxlayıb.
Nebius-a “Yandex”in həmtəsisçisi Arkadi Voloj rəhbərlik edir. Avropa İttifaqı 2022-ci ilin iyununda ona qarşı şəxsi sanksiyalar tətbiq etmişdi. 2024-cü ilin martında isə Voloj Rusiyanın Ukraynaya hücumunu pislədikdən və Rusiya biznesindən çıxmağa başladıqdan sonra sanksiya siyahısından çıxarılıb.
Ukrayna da 2022-ci ilin oktyabrında Voloja qarşı sanksiyalar tətbiq edib. Bununla belə, Nebius Group-un özünə qarşı Ukrayna, Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən məhdudiyyət tətbiq edilməyib.
Sentyabrın əvvəlində Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov öz müdafiə şirkətini yaratdığını və Palantir-in bu layihənin investorlarından biri olacağını açıqlamışdı.
#Palantir #Nebius #Yandex #Süniİntellekt #Texnologiya

September 14, 2026 220