🇱🇧🇮🇱 İsrailin Livanın cənubundakı Nəbatiyyə bölgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 11 nəfər həlak olub, yaşayış məntəqələri və xəstəxana zərər görüb.
İsrail qırıcıları və pilotsuz uçuş aparatları sentyabrın 6-da axşam saatlarından başlayaraq bazar ertəsi səhərədək Nəbatiyyə rayonu və ətraf ərazilərə bir neçə dalğa ilə zərbələr endirib.
Hücumlar Nəbatiyyə şəhəri, Nəbatiyyə əl-Fövqa, Ərəb Salim, Kəfr Rumman, Deyr əz-Zəhrani, həmçinin Cəbəl ər-Rafi yüksəklikləri və Əli ət-Tahir bölgəsini əhatə edib.
Livan Səhiyyə Nazirliyi ilkin olaraq bazar günü 4 nəfərin öldüyünü, qadın və uşaqlar da daxil olmaqla 20 nəfərin yaralandığını açıqlayıb.
Livan mediası ölənlərin sayının azı 11-ə çatdığını bildirib. Həlak olanlar arasında iki körpənin də olduğu qeyd edilir. Daha 5 nəfərin yaralandığı, xilasedicilərin gecə boyu dağıntılar altında axtarış apardığı bildirilir.
Zərbələrdən biri Nəbatiyyə əl-Fövqada yerləşən “Qandur” xəstəxanasının bir hissəsini dağıdıb. Maliyyə Nazirliyinə aid bina da hücum nəticəsində zərər görüb.
Livan mediasının məlumatına görə, yaşayış binaları və avtomobil dayanacağı da zərbələrin hədəfinə çevrilib.
İsrail Ordusu (SAXAL) isə hücumların “Hizbullah”ın infrastrukturu, silah anbarları və komanda mərkəzinə qarşı həyata keçirildiyini bildirib.
SAXAL-ın iddiasına görə, komanda mərkəzlərindən biri keçmiş xəstəxana binasının daxilində yerləşirdi.
İsrail tərəfi əməliyyatı “Hizbullah”ın Livanın cənubundakı İsrail qüvvələri istiqamətində pilotsuz uçuş aparatları buraxmasına cavab kimi təqdim edib. İsrail bu addımı mövcud atəşkəs mexanizminin pozulması adlandırıb.
Livan Prezidenti Jozef Aun isə hücumları “təhlükəli eskalasiya” kimi qiymətləndirib.
O, xüsusilə dövlət qurumlarının və xəstəxananın hədəfə alınmasını kəskin tənqid edib.
Son zərbələr 2026-cı ilin iyununda ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmaya baxmayaraq, Livanın cənubunda gərginliyin davam etdiyini göstərir.
Həmin razılaşma İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini və Livan ordusunun bölgədə yerləşdirilməsini nəzərdə tuturdu.
Lakin tərəflər arasında qarşılıqlı hücumların davam etməsi atəşkəs mexanizminin getdikcə daha kövrək vəziyyətə düşdüyünü göstərir.
#Livan #İsrail #Nəbatiyyə #Hizbullah #YaxınŞərq
