🇺🇸🇮🇷 ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə genişmiqyaslı zərbələr endirməyə başlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, Amerika qüvvələri ABŞ-ın şərq sahili vaxtı ilə saat 12:00-da İran ərazisində SEPAH-a aid obyektləri vurmağa başlayıb.
CENTCOM bildirib ki, zərbələr SEPAH-ın son günlər Hörmüz boğazında kommersiya gəmilərinə, eləcə də regionda yerləşən ABŞ hərbçilərinə hücum cəhdlərinə cavab olaraq həyata keçirilib.
ABŞ prezidenti Donald Tramp da İrana zərbələrin endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ qüvvələri hazırda Hörmüz boğazı ətrafında yerləşən İran obyektlərinə “genişmiqyaslı və güclü” zərbələr endirir.
Tramp bildirib ki, əməliyyat İranın boğazda dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı ABŞ hərbi bazasına səkkiz raketin buraxılmasına cavabdır. ABŞ prezidentinin sözlərinə görə, həmin raketlərin hamısı uğurla vurulub. O həmçinin qeyd edib ki, boğazda hazırda mina yoxdur - onların hamısı zərərsizləşdirilib və ya partladılıb.
ABŞ prezidenti xəbərdarlıq edib ki, İran bu hücuma cavab verərsə, daha güclü və daha genişmiqyaslı zərbə ilə üzləşəcək. Tramp əlavə edib ki, ABŞ-ın imkanları bununla məhdudlaşmır və daha böyük hücum variantı da mövcuddur.
İran isə cavab olaraq regiondakı hədəflərə raketlər buraxıb. İran mediasının məlumatına görə, Xomeyn şəhərindən buraxılan raketlərdən ən azı biri texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra yerə düşüb.
Bununla yanaşı, İordaniyadakı “Müvəffəq əs-Salti” aviabazasının raket hücumuna məruz qaldığı bildirilir. Məlumatlara görə, bazaya qarşı intensiv hücum həyata keçirilib və ballistik raketlərin hədəfə dəydiyi barədə xəbərlər yayılıb.
İordaniya Silahlı Qüvvələri isə ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan 10 raketi məhv etdiyini, daha 3 raketin isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşdüyünü açıqlayıb.
İran mediası eyni zamanda ABŞ zərbələrindən birinin ölkənin cənubundakı Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə düşdüyünü yazıb. Bildirilir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Eyni hücum dalğası çərçivəsində Ciroft şəhərinin hava limanının da vurulduğu qeyd olunur.
Beləliklə, ABŞ və İran arasında qarşılıqlı zərbələrin coğrafiyası Hörmüz boğazından İordaniyaya və İranın cənub bölgələrinə qədər genişlənib.
#ABŞ #İran #SEPAH #Hörmüz #YaxınŞərq
1September 2, 2026 128



