12 Şəhrivərin ildönümü münasibətilə GATƏŞ-in Bəyanatı
Qəhrəman Azərbaycan Türk milləti!
1324-cü il 12 Şəhrivər Azərbaycan Demokrat Firqəsinin təsis edildiyi gün, millətimizin müasir tarixində ən yaddaqalan günlərdən biridir. Bu gündən üç ay sonra – 21 Azər Qiyamilə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökumətin qurulması ilə Güney Azərbaycan Milli
Hərəkatının yeni dövrü başlandı. Milli Hökumət qısa müddət ərzində xalqımızı azadlığa, ədaltə, milli hakimiyyət və öz işlərini özünün idarə etmə təcrübəsinə rəhbərlik etdi.
3 Sentyabr (12 Şəhrivər) Bəyanatı millətimizin hüquqlarının onilliklər boyu, görməzliyə vurulduğu bir şəraitdə Azərbaycan xalqının milli, sosial və siyasi hüquqlarının təmin olunması üçün bir çağırış oldu. Milli Hökumətimiz qısa ömrülü olsada göstərdi ki, Azərbaycan milləti azad, tərəqqipərvər və ədalətə əsaslanan bir cəmiyyət qurmaq qabiliyyətinə malikdir. Lakin bu tarixi təcrübə hərbi müdaxilə və azadlıq mübarizlərinin qətliamı ilə dayandırıldı. Bundan sonra da Azərbaycana qarşı ayrı-seçkilik və müstəmləkəçilik siyasət davam etdirildi. 1979-cu il inqilabı da bu vəziyyətə son qoymaq əvəzinə, despotizmi, din və məzhəb pərdəsi altında yenidən davam etdirdi.
Onilliklər boyu davam edən repressiyalara, edamlara, həbslərə, sürgünlərə, senzura və inkalara baxmayaraq, 12 Şəhrivər və 21 Azər idealları heç vaxt aradan getmədi. Bu gün həmin ideallar XXI əsrin danışan dili, gündəlik tələblərinə çevrilmiş, Güney Azərbaycanın yeni nəsli arasında yenidən ümumi bir istəklərə çevrilmişdir.
Bu gün “Azadlıq, Ədalət, Milli Hökumət” yalnız tarixi bir dövrün xatirəsi deyil; Azərbaycan millətinin siyasi və milli tələblərinin, gələcəyə baxışının yığcam ifadəsidir.
Biz, Güney Azərbaycanın siyasi təşkilatları, hesab edirik ki, millətimizin hüquqlarına qarşı tətbiq olunan məcburiyyət, inkar və repressiya dövrünə son qoyulmalıdır. Azərbaycan milləti öz siyasi, iqtisadi, sosial və mədəni gələcəyini müəyyən etmək və gələcəyi haqqında azad şəkildə qərar vermək hüququna malikdir. Öz müqəddəratını təyin etmək fundamental və beynəlxalq hüquqda tanınmış bir haqdır və heç bir güc bu haqqı hər hansı bir xalqdan əbədi olaraq ala bilməz.
Biz elə bir gələcək istəyirik ki, azadlıq, ədalət, demokratiya, dünyəvilik, insan hüquqları və vətəndaşların bərabərliyi dövlət idarəçiliyinin əsasını təşkil etsin. Heç bir vətəndaş milli mənsubiyyətinə, dilinə, dininə, cinsinə və ya siyasi əqidəsinə görə ayrı-seçkiliyə məruz qalmasın.
Biz Azərbaycan Türk millətinin öz dilini, mədəniyyətini, tarixini və milli kimliyini qorumaq və inkişaf etdirmək hüququnu müdafiə edirik. Ana dilində təhsil almağı, mədəni və sosial hüquqlardan istifadə etməyi millətimizin təbii hüquqları hesab edirik. Eyni zamanda, Azərbaycanda yaşayan bütün milli, dini və siyasi azlıqların hüquqlarını müdafiə edir, gələcəyimizi qarşılıqlı hörmət, plüralizm və dinc yanaşı yaşamaq prinsipləri üzərində qurmaq istəyirik.
Biz hesab edirik ki, İranda yaşayan müxtəlif millətlər heç bir millətin digər millət üzərində hökmranlığı olmadan öz siyasi gələcəkləri haqqında qərar vermək imkanına malik olmalıdırlar. Buna görə də diktaturadan çıxış və demokratik gələcəyin qurulması üçün bütün məzlum millətlər arasında əməkdaşlıq və həmrəyliyi tarixi zərurət hesab edirik.
İslam Respublikası bu gün ən dərin siyasi, iqtisadi və sosial böhranlarından birini yaşayır. Rejimin avantürist və müharibəçi siyasəti, eləcə də İran cəmiyyətinə zorla qəbul etdirilən müharibələr xalqımıza ağır bədəl ödətdirmişdir. Güney Azərbaycanda da bunun nəticələri iqtisadi fəaliyyətin azalması, işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi və yoxsulluğun dərinləşməsi şəklində özünü göstərir və yaxın gələcəkdə daha geniş sosial böhranlara səbəb ola bilər. Millətimiz müharibəçi siyasətin və diktator bir rejimin hakimiyyətdə qalmasının bədəlini ödəməməlidir.
Bununla yanaşı, Azərbaycanın ətraf mühitinin dağıdılması və təbii sərvətlərinin talan edilməsi davam edir. Su böhranı, meşə və otlaqların məhv edilməsi, təbii sərvətlərdən məsuliyyətsiz istifadə gələcək nəsillərin həyatını təhdid edir.