Ali təhsil müəssisələrində qeyri-ixtisas fənləri ləğv edilməlidir."… — Azərbaycan Tələbələri — TG.ME

"Ali təhsil müəssisələrində qeyri-ixtisas fənləri ləğv edilməlidir."

Tələbə Təhsil Mərkəzinin təsisçisi, elm və təhsil mütəxəssisi Pərvin Əliyev:

“Universitetlərdə tədris proqramlarına yenidən baxılmalı və tələbənin gələcək peşəsi üçün əhəmiyyət daşımayan, ixtisasına uyğun olmayan fənlərin sayı minimuma endirilməlidir.Bu gün bir çox tələbə haqlı olaraq sual verir: Mən gələcəkdə bu fənni harada və necə istifadə edəcəyəm?

Ali təhsilin əsas məqsədi tələbəyə sadəcə diplom vermək deyil, onu gələcək əmək bazarına hazırlamaq, peşəkar kadr kimi formalaşdırmaqdır. Tələbə öz ixtisası üzrə daha çox praktik bilik, müasir bacarıqlar və real iş həyatında istifadə edə biləcəyi təcrübə qazanmalıdır. Əlbəttə, dünyagörüşünün formalaşması üçün müəyyən ümumi fənlər vacibdir. Lakin bunun adı altında tələbənin ixtisasına heç bir fayda verməyən, vaxtını və enerjisini alan fənlərin tədris edilməsi doğru yanaşma deyil.Məsələn, bəzi ixtisaslarda tələbənin gələcək peşə fəaliyyətinə birbaşa aidiyyəti olmayan və praktik həyatda istifadə etməyəcəyi fənlərə saatlarla vaxt ayrılır. Halbuki həmin vaxt xarici dilə, rəqəmsal bacarıqlara, süni intellektə, praktik dərslərə, peşə yönümlü proqramlara və əmək bazarının tələb etdiyi biliklərə sərf olunmalıdır.Tələbənin 4 ili sadəcə fənləri keçib imtahan verməklə deyil, peşəkarlaşmaqla keçməlidir.

Universitetlərdə əsas prinsip belə olmalıdır:

“Bu fənn tələbənin gələcək peşəsinə nə qazandırır?”

Əgər bu sualın əsaslandırılmış cavabı yoxdursa, həmin fənnin tədris proqramında saxlanılması yenidən nəzərdən keçirilməlidir.Artıq tələbələrə köhnə yanaşmalar deyil, müasir dünyanın tələblərinə uyğun təhsil lazımdır. Universitet tələbənin vaxtını alan deyil, onun gələcəyini quran bir məkana çevrilməlidir.Tələbənin vaxtı dəyərlidir. Onun universitetdə keçirdiyi hər saat gələcək karyerasına xidmət etməlidir.”
👏5
September 7, 2026 605 2