Tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi zəruridir
Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri, elm və təhsil mütəxəssisi Pərvin Əliyev bildirib ki, tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi artıq zəruri məsələlərdən birinə çevrilib.
Onun sözlərinə görə, mövcud nəqliyyat sıxlığı, müəyyən metro stansiyalarının fəaliyyətində yaranan məhdudiyyətlər və alternativ olaraq ekspress və yerüstü nəqliyyatdan istifadə zərurəti tələbələrin həm vaxt, həm də maddi baxımdan əlavə itkilərlə üzləşməsinə səbəb olur.
Pərvin Əliyev qeyd edib ki, tələbələrin hər gün təhsil müəssisələrinə gedib-gəlməsi onların aylıq büdcəsində ciddi xərc yaradır. Xüsusilə bir çox tələbənin ailəsindən asılı olduğunu nəzərə alsaq, ictimai nəqliyyatda güzəştlərin tətbiqi sosial baxımdan mühüm addım ola bilər.
“Bu gün tələbələrə müxtəlif imkanlardan yararlanmaq üçün TələbəPlus kartları təqdim olunur. Hesab edirəm ki, həmin kartların funksionallığı genişləndirilməli və məhz bu kart vasitəsilə ictimai nəqliyyatda tələbələr üçün xüsusi güzəştlər tətbiq edilməlidir. Bu, həm tələbələrin sosial rifahına dəstək olar, həm də onların təhsil prosesində əlavə maddi yükünün azalmasına xidmət edər.
Tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin peşəkar kadrıdır. Onların təhsil aldıqları dövrdə sosial dəstəklə əhatə olunması dövlət və cəmiyyət üçün gələcəyə qoyulan investisiyadır. Düşünürəm ki, tələbələr üçün metro, avtobus və digər ictimai nəqliyyat vasitələrində xüsusi tarif mexanizminin hazırlanması ciddi şəkildə nəzərdən keçirilməlidir”, – deyə Pərvin Əliyev vurğulayıb.
Ekspertin fikrincə, tələbələr üçün nəqliyyat güzəştlərinin tətbiqi xüsusilə böyük şəhərlərdə yaşayan və hər gün uzun məsafə qət edərək universitetlərə gedib-gələn gənclərin həm maddi yükünü, həm də müəyyən mənada sosial çətinliklərini azaltmağa imkan verə bilər.
8September 1, 2026 603 2 1