Hacı Mövsüm Səmədov Mövsüm Mərdan oğlu Səmədov 1965-ci ildə Quba… — 𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄 — TG.ME

Hacı Mövsüm Səmədov

Mövsüm Mərdan oğlu Səmədov 1965-ci ildə Quba rayonunda anadan olub.

1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir.
1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır.

Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb.

1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır.
Mövsüm Səmədov 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən Azərbaycan Milli Azadlıq Hərəkatının iştirakçısı idi. O, 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və bununla da siyasi fəaliyyətə başlamışdır.

1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi üzvlüyündən istefa verərək Azərbaycan İslam Partiyasına üzv olmuşdur. Qum Elmi Mərkəzindəki təhsilini başa vurduqdan sonra, yəni 2002-ci ilin fevral ayında Azərbaycana geri dönmüş və Azərbaycan İslam Partiyasının idarəçiliyində iştirak etməyə başlamışdır. 2002–2007-ci illərdə Azərbaycan İslam Partiyası Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə partiya qurultayında partiya sədri seçilmişdir.
Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etmişdir. Bu hadisədən 5 gün sonra: 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılmış və Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı səbəbindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilmişdir.

2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb. Qərarda M. Səmədovun hüquqlarının pozulması tanınıb və Azərbaycanın ona 4000 avro kompensasiya ödəməsi gərəkli sayılıb. Məhkəmənin qərarına görə, M. Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bəzi hüquqların pozulması ilə müşayiət olunub. Söhbət həmin Konvensiyanın 5.3-cü (həbsin qanunsuzluğu) və 6.1-ci (ədalətli məhkəmə araşdırmasının təmin olunmaması) maddələrinin zəmanət verdiyi hüquqlardan gedir.

1 iyul 2013-cü ildə Azərbaycan İslam Partiyasının Baş Məclisi partiyanın sədri M. Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmiş və həmin gün həbsdə olduğu 11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə günlük "kars"a (cərimə təcridxanasına) salınmışdır. 19 avqust 2013-cü ildə AİP-in sədr müavini və "Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkat" təşəbbüs qrupunun rəhbəri Akif Heydərli tərəfindən M. Səmədovun özünün yazdığı ərizə ilə prezidentliyə namizədliyinin qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. MSK isə M. Səmədovun namizədliyinin irəli sürülməsi barədə MSK-ya müraciət olunmadığını bildirmişdir. Bu məsələ ilə əlaqədar olaraq M. Səmədov prezident seçkilərini boykot etdiyini açıqlamış və seçkilərə qatılmamışdır.
Mövsüm Səmədovun həyatı haqqında 3 azərbaycanlı yazıçı tərəfindən bioqrafik kitab yazılmışdır.

https://t.me/Azerbaycan_Ruhanileri
❤11🤡1
September 9, 2026 273 2